Bakıda mağazadan kitab oğurlayanlar tələbə deyil.
Bu sözləri Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Anar Qafarov deyib. O bildirib ki, hadisə barədə məlumatı “Əli və Nino” mağazalar şəbəkəsi paylaşıb:
“İlk olaraq “Əli və Nino” mağazalar şəbəkəsi sosial şəbəkə hesabında oğurluğun videosunu paylaşıb. Bundan sonra polis əməkdaşları hərəkətə keçərək mağazadan bahalı kitab oğurlayanları saxlayıb. Baş verən oğurluq faktı ilə bağlı cinayət işi başlanmayıb. Buna görə də, saxlanılan şəxslərin hələ ki, izahatları alınıb”.
Anar Qafarov həmçinin onlara inzibati qaydada həbs qərarı çıxarılmasının ehtimal olunduğunu bildirib.
***
Saat: 11:41
Bakının Səbail rayonunda kitab mağazasından oğurluq olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.
Faktla bağlı saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir. E.Süleymanlı və E.Əhmədov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, bölmə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.