Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundanLent.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Sərək kənd sakini Arif Süleymanov saxlanılıb.
Onun yaşadığı evin həyətində naringi ağaclarının arasında kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 66 kiloqram olan 29 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib. Həmin şəxsin qanunsuz olaraq yaşadığı evdə saxladığı müvafiq sənədləri olmayan 1 ədəd "İJ16" markalı ov silahı və 3 ədəd patron polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.