2021-ci ilin 6 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotiklərlə əlaqəli 4131 cinayət faktı aşkarlanıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, onlardan 1493-ü narkotik vasitələrin qanunsuz satışı, 2391-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 191-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 56-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 466 kq 596,472 qr narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 142 kq 635,117 qr-nı heroin, 671 kq 044,478 qr-nı marixuana, 243 kq 092,165 qr-nı tiryək, 71 kq 560,56 qr-nı həşiş, 89,679 qr-nı kokain, 338 kq 174,473 qr-nı digər narkotik vasitələr və psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 37 kq 012,1 qr güclü təsir edən maddə, 4,05 qr zəhərli maddə qanunsuz dövriyyədən götürülüb.
Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2798 nəfər cəlb edilib ki, onlardan 16-18 yaşadək 6 nəfər, 18-25 yaşadək 218 nəfər, 26-29 yaşadək 497 nəfər, 30 yaş və ondan yuxarı isə 2077 nəfər təşkil edir. Həmin şəxslərdən 2730-u kişi, 68-i qadındır. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 35 nəfəri xarici ölkə vətəndaşıdır.