Xəbər verildiyi kimi, Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə ölkəmizdə səfərdədir.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, aprelin 28-də qonaqlar Füzuli və Şuşa şəhərlərinə səfər ediblər. Nümayəndə heyətinə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş Füzuli və mədəniyyət paytaxtımız olan Şuşa şəhərində dövlət başçısının və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqları ilə həyata keçirilən genişmiqyaslı təmir-bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.
Qonaqlar ilk öncə Qarabağın hava qapısı hesab olunan sosial-iqtisadi əhəmiyyətə malik Füzuli Beynəlxalq Hava Limanı ilə yaxından tanış olmuş, onlara bütün müasir və beynəlxalq standartlara cavab verən aeroportda yaradılmış şərait barədə geniş məlumat verilib.
Nümayəndə heyətinin üzvləri yol boyu erməni işğalçıları tərəfindən Azərbaycanın inkişaf etmiş şəhərlərindən biri olmuş Füzulinin məqsədyönlü olaraq vəhşicəsinə viran edilmiş yaşayış məskənlərinin və infrastruktur obyektlərinin, insanlığı dəhşətə gətirən vandalizmin əyani şahidi olublar.
Şuşada qonaqlar Ümummilli Lider Heydər Əliyevin müdaxiləsi ilə qorunub saxlanmış görkəmli sənət xadimləri – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini ziyarət ediblər.
Cıdır düzünü ziyarət edən nümayəndə heyətinə heyrətamiz mənzərəyə malik ərazinin şuşalıların və Şuşaya gələn qonaqların ən sevimli məkanı, çövkən oyunları, Novruz və digər el şənliklərinin keçirildiyi seyrəngahı olduğu bildirilib.
Qonaqlar erməni vandalizminə məruz qalmış və işğal bitdikdən sonra ölkə başçısının rəhbərliyi ilə əvvəlki görkəmində tam bərpa edilmiş Vaqifin məqbərəsini, tarixi Qala divarlarını, Azərbaycan vokal sənətinin banisi Bülbülün ev muzeyini ziyarət ediblər.
Qısa vaxtda görülmüş genişmiqyaslı işlərin böyük təəssürat yaratdığı vurğulanıb.
Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri başa çatıb.