Bakının Ağa Nemətulla küçəsində hərəkət məhdudlaşdırılır.
Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliğatı və ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, polis leytenantı Rüstəm Əhmədli məlumat verib. O bildirib ki, məhdudiyyət sözügedən küçədə aparılacaq söküntü işləri ilə əlaqədardır:
Rüstəm Əhmədli
“Paytaxtın Nərimanov rayonu ərazisində Heydər Əliyev prospekti ilə A. Nemətulla küçəsi ilə kəsişmə hissəsindən “Nəriman Nərimanov” metrosu istiqamətində yolun yəni, A. Nemətulla 32 ünvanında istismara tam yararsız yarı sökülmüş binanın vəziyyətdə olan binanın uçma təhlükəsi yaranıb.
Qanunvericilikdə nəzərdə tutulmuş sənədlər əsasında binanın tam sökülməsi nəzərə alınıb. Bu məqsədlə oktyabrın 26-da saat 21:30-dan Heydər Əliyev prospektindən A. Nemətulla küçəsi istiqamətinə əlavə yolda avtomobillərin və marşrut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır və istiqamət dəyişdirilir.
Qısamüddətli söküntü işləri tam başa çatanadək hərəkətlə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə bütün hərəkət iştirakçılarına müraciət edirik ki, göstərilənləri nəzərə alıb alternativ yollardan istifadə etsinlər”.