Bakı-Ələt yolunda baş verən qəzada xəsarət alan 18 nəfər ambulator müalicə üçün evə buraxılıb.
APA xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xəsarət alan 5 nəfərin müalicəsinə davam edilir. Xəsarət alanlardan 2-si (vəziyyətləri ağır stabil qiymətləndirilir) Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində, 2-si (vəziyyətləri stabil qiymətləndirilir) Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsində, 1-i (vəziyyəti orta ağır qiymətləndirilir) isə Sabunçu Tibb Mərkəzinin Travmatologiya şöbəsində həkim nəzarəti altındadır.
Xatırladaq ki, hadisə nəticəsində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları tərəfindən 23 nəfər TƏBİB-in tabeliyindəki müəssisələrinə yerləşdirilmişdi.
***
Saat 18:08
Bakı-Ələt yolunda baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası hadisə yerinə cəlb edilib.
TƏBİB-dən Lent.az-a bildirilib ki, hadisə nəticəsində xəsarət alan 23 nəfər (19-u qadın, 4-ü kişi olmaqla) həkim briqadaları tərəfindən tibb müəssisələrinə təxliyə edilib.
Xəsarət alanlara zəruri tibbi xidmətlər göstərilib. Onların müvafiq şöbələrdə müalicələrinə davam edilir.
Qeyd edək ki, xəsarət alanlara əsasən, bədənin küt travması, döş qəfəsinin küt travması, başın ənsə nahiyəsinin əzilməsi, sağ çiynin əzilməsi, sol ayağın küt travması və s. diaqnozlar qoyulub.
***
Saat: 16:35
Bakı-Qazax yolunda baş verən qəza nəticəsində xəsarət alan 8 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib və müvafiq şöbələrə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Kliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
***
Saat: 15:03
Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusu aşıb. Nəticədə 8 nəfər xəsarət alıb, ölüm yoxdur.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.
Araşdırma aparılır.