Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı sosial şəbəkələrdə insanların etibarından sui-istifadə edərək onları aldadan 33 yaşlı Behzad Səmədov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, o, “Instagram” və “Facebook” sosial şəbəkələrində “VlP_Airsoft. az", “Tapanca_Airsoft-Avtomat” və “Straykball_44” adlı səhifələr yaradaraq oyuncaq metal tapançaların reklamı və satışı ilə məşğul olub.
Həmin tapançaları sifariş verən alıcılara kart nömrəsi göndərərək ödənişləri qəbul edib. Zərərçəkənlər pulu B.Səmədovun kartına göndərdikdən sonra o, səhifələri bağlayıb, telefon zənglərinə cavab verməyərək dələduzluq əməli törədib.
Saxlanılan şəxs barəsində Səbail RPİ-də araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.