27 iyul 2021 18:09 (UTC +04:00)

Bakıda DƏHŞƏT: axtarışda olan şəxs özünü partlatdı, 4 polis yaralandı - YENİLƏNİB - VİDEO

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda axtarışda olan şəxsin özünü partlatması faktı ilə bağlı məlumat yayıb.

Lent.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli  və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlamış, nəticədə M.Ələsgərov ölmüşdür.

Avtomaşında olan sərnişin, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hazırda iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

saat 17:16

Bakıda axtarışda olan şəxsin özünü partlatması faktı ilə bağlı təfərrüatlar məlum olub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, qanunsuz silah saxlamaqda şübhəli bilinən, 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotik və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərov bu gün paytaxtın Səbail rayonunda idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman o, üzərində olan qumbara ilə özünü partladaraq öldürüb.   

Avtomaşında olan sərnişini, əvvəllər Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə məhkum olunmuş Eldar Qurbanov isə qaçarkən saxlanılıb.   

Partlayışda 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  

***

saat 16:37

Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı” adlanan ərazidə qeydə alınıb. 

Axtarışda olan şəxs “Maşın bazarı” adlanan əraziyə gələrək özünü partlatmaq istəyib.

Həmin şəxs zərərsizləşdirilən zaman o, qumbaranı işə salaraq özünü partladıb.

Hadisə zamanı üç nəfər polis əməkdaşı da xəsarət alıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

# 8220
avatar

Oxşar yazılar