Bakıda Bulvar ərazisində gəzinti qayığı batıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi və gəmidəki şəxslərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən, gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 nəfər vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub.
FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.