Rusiyanın Efremov rayonlararası Məhkəməsi saxta miqrasiya kartından istifadə edən Azərbaycan vətəndaşını cərimələyib.
Lent.az yerli mediaya istinadla bildirir ki, 2023-cü ilin sentyabrından 2024-cü ilin sentyabrına qədər həmin şəxsin Rusiyada qeydiyyatı və daimi yaşayış yeri olmayıb. Qeydiyyat üçün icazə verilən müddət başa çatdığı üçün o, ölkəni tərk etməli, yaşayış icazəsi üçün müraciət etməli və sənədlərlə - miqrasiya kartı ilə qayıtmalı olub. Miqrasiya kartı forması xarici vətəndaşın Rusiya Federasiyasının ərazisində müvəqqəti yaşaması üçün icazə almağa imkan verir.
Həmin şəxs isə sənədləşmə işlərini rəsmiləşdirmək əvəzinə öz adına 2024-cü il martın 24-də Rusiya sərhədini keçmək nişanı olan saxta kart alıb.
Sentyabrın 12-də səhər saatlarında Don şosesində yol polisi müfəttişləri qanun pozucunun getdiyi avtobusu saxlayıblar. Sənədlər yoxlanılan zaman aldatma faktı üzə çıxıb və azərbaycanlı polis bölməsinə aparılıb.
Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayəti törətməkdə təqsirli olduğunu etiraf edib. Məhkəmə ona 20 min rubl (təxminən 331 manat) cərimə kəsib.