Masallıda məktəb direktoru həbs edilib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Masallı rayonu, Musaküçə kənd F.Xancanov adına tam orta məktəbinin direktoru Cahangirov İlqar Abbas oğlu həbs edilib.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildiriblər ki, İlqar Cahangirov yanvarın 31-də Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2,179.2.3,179.2.4, 308.1 və 313-cü maddələri (ötən il Maliyyə Nazirliyinin həmin məktəbdə apardığı yoxlamanın nəticəsi və vətəndaşlardan işə götürmək adı ilə aldadaraq külli miqdarda pul alması) ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib.
Onun barəsində Masallı rayon prokurorunun təqdimatı əsasında Masallı rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.
İlqar Cahangirov 2016-cı ildən Musaküçə kənd F.Xancanov adına tam orta məktəbinin direktoru vəzifəsində çalışıb.