Sankt-Peterburqda bir qrup şəxsin yoldan keçənləri döyməsi işi üzrə daha iki təqsirləndirilən şəxs həbs edilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Özbəkistandan və Çelyabinsk vilayətindən olan Raximjon Turdiyev və Əhməd Muxayev həbs edilib.
Sankt-Peterburq məhkəməsi onları iki ay - dekabrın 17-dək həbs edib. Onlar xuliqanlıqda ittiham olunublar.
Məhkəmənin versiyasına görə, oktyabrın 12-dən 13-dək təqsirləndirilən şəxslər Leninski prospektində yoldan keçən bir nəfərin “başına və bədəninə çoxsaylı zərbələr vurublar”. Eyni zamanda internetdə döyülmə anının görüntüləri də yayılıb. Onları 18 yaşlı Rusiya vətəndaşı Timur Muxtarov yayıb - o da saxlanılıb, bundan sonra o, davalarda şəxsən iştirak etmədiyini və videoları ona 17 yaşlı yeniyetmənin göndərdiyini bildirib.
Bundan əvvəl bu səs-küylü iş üzrə 9 nəfər həbs olunmuşdu.
Xatırladaq ki, insanların döyülməsi ilə bağlı ilk videolar oktyabrın əvvəlindən internetdə görünməyə başlayıb. Sankt-Peterburq sakinlərinin Azərbaycandan olan şəxslərin hücumuna məruz qaldığı bildirilirdi. Faktla bağlı araşdırma təşkil edilib, İstintaq Komitəsi tərəfindən iş açılıb. Qeyd olunub ki, “söhbət Azərbaycandan gələn qonaqlar dəstəsindən gedir”.
Digər məlumata görə, insanlar özlərini “Azərbaycan mafiyası” adlandırır və heç bir səbəb olmadan təsadüfi yoldan keçənlərə hücum edirlər.