Aygün Kazımovanın  satdığı evə   həbs qoyuldu
18 noyabr 2022 18:51 (UTC +04:00)

Aygün Kazımovanın satdığı evə həbs qoyuldu

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda sənədlər elan olunub.

İş üzrə sənədlərin tədqiqi zamanı prosesə sədrlik edən hakim üzərinə həbs qoyulmuş 70 milyonluq əmlakların tam siyahısı və orta bazar qiymətlərini elan edib.

Üzərinə həbs qoyulmuş əmlaklardan biri Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbidir. Bazar dəyəri 22 milyon 487 min 150 manat qiymətləndirilmiş məktəbin həmtəsisçisi Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.

Sumqayıt şəhəri, "Kimyaçılar" qəsəbəsində yerləşən şirkətin avadanlıqları və torpaq sahəsinin qiyməti isə 30 milyon 800 min manat təşkil edib.

Rasim Məmmədova məxsus digər əmlaklara isə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 550 min manatlıq iki bağ evi, Sabunçu rayonunda yerləşən 120 min manatlıq iki mağaza, Yasamal rayonu, Şərifzadə küçəsində 2 milyonluq qeyri-yaşayış sahəsi daxildir. Həmçinin təqsirləndirilən şəxsin yaxınlarına məxsus bir neçə əmlakın da üzərinə həbs qoyulub.

Əmlaklarla bağlı sənədlərə baxış zamanı Rasim Məmmədov həbs qoyulmuş Bakı Oksford Məktəbinin 50 faizinin onlara, digər hissəsinin isə adını çəkmək istəmədiyi başqa şəxsə aid olduğunu deyib. O, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən mənzilin isə qayınatasından miras qaldığını bildirib. Rasim Məmmədov həbs qoyulmuş Nəsimi rayonunda, "Təzə bazar"ın yaxınlığında yerləşən iki evdən birini Xalq artisti Aygün Kazımovadan aldığını deyib: "Evi Aygün Kazımovadan 2009-cu ildə almışam. Həmin binada nazirdən tutmuş, müğənniyə qədər yaşayanlar var idi".

İttiham olunan şəxsin vəkili Zibeydə Sadıqova və Pərviz Məmmədov isə müvəkkilləri ilə yanaşı bir sıra şəxslərin də əmlakları üzərinə həbs qoyulmasının əsassız olduğunu deyiblər.

"Həmin əmlakların cinayət yolu ilə əldə olunmasına dəlalət edən heç bir sübut ortaya qoyulmayıb", vəkillər əlavə edib.

Poses noyabrın 21-də davam etdiriləcək.

Xatırladaq ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3678
avatar

Oxşar yazılar