Biləsuvar və Cəlilabada yol polisi reyd keçirib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, yollarda piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Biləsuvar rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən piyadaların daha sıx istifadə etdiyi yollarda, təhsil, tibb və digər müəssisələrin qarşısında təşkil olunan tədbirlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi izah edilib. Edilən xəbərdarlıqlara rəğmən piyada keçidlərindən istifadə etməməklə özlərinin həyatı ilə bərabər digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan piydalar barəsində inzibati protokol tərtib olunub.
Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar növbəti profilaktiki tədbir keçirilib. Yol polisi əməkdaşları şəhərin müxtəlif nöqtələrində dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktiki söhbətlər aparıb. Qaydaları pozan sürücülər barəsində inzibati protokol tərtib olunub.