Ailəsini qətl edən Əhməd necə təcrid ediləcək? - AÇIQLAMA
14 fevral 2024 11:24 (UTC +04:00)

Ailəsini qətl edən Əhməd necə təcrid ediləcək? - AÇIQLAMA

Dünən Bakıda baş verən dəhşətli cinayət bütün Azərbaycanı sarsıtdı.

Lent.az xatırladır ki, Bakı şəhər sakini, 25 yaşlı Əhməd Əhmədov atasını, anasını, azyaşlı qardaşını, bacısını və bacısının azyaşlı övladını xüsusi amansızlıqla öldürüb.

Hadisədən dərhal sonra qətlin motivi ilə bağlı müxtəlif versiyalar səsləndi. Versiyalardan biri də Əhməd Əhmədovun ruhi xəstə olması ilə bağlı idi. İddia olunur ki, o, idman yarışlarının birində başından zədə alıb və bundan sonra onda psixi pozğunluq yaranıb. Dəhşətli cinayəti də anlaqsız vəziyyətdə törədib.

Lakin onun psixi xəstə olmasına dair rəsmi heç bir sənəd yoxdur.

Hadisə yerində olan ailənin qohumları bildirib ki, Əhməd Əhmədov ruhi əsəb dispanserində qeydiyyatda olmayıb.

Səhiyyə Nazirliyi isə bu məsələyə şərh verməkdən imtina edib.

Əhməd Əhmədov ruhi xəstə olarsa o məsuliyyətdən yayına bilərmi?

Bu suala cavab tapmaq üçün hüquqşünas, “Norma” hüquq hüquq mərkəzinin direktoru Şamil Paşayevə müraciət etdik.

Şamil Paşayev qeyd etdi ki, hadisəni törədərkən anlaqsız vəziyyətdə olan, törətdiyi cinayət əməlinin xarakterini dərk etməyən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.

Şamil Paşayev həmçinin bildirib ki, şübhəli şəxsin anlaqsız olduğu sübuta yetiriləcəyi təqdirdə, o, həbsə deyil stasionar müalicəyə göndərilməlidir:

“İstintaq onun anlaqlı olub-olmamasını müəyyənləşdirmək üçün ilkin olaraq kompleks məhkəmə ambulator psixiatrik və psixoloji ekspertizası təyin edəcək. Ekspertiza haqqında qanuna əsasən, bunun üçün 1 ay müddət ayrılır. Əgər şəxs hansısa xəstəxanada qeydiyyatdadırsa, özünə və ya ətrafına narahatlıq verirsə, həmçinin dindirilməsi mümkün olmursa, o zaman ekspertiza stasionar qaydada aparılır. Cinayət Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hadisəni törədərkən anlaqsız vəziyyətdə olan, yəni, kəmağıllıq, xroniki psixi pozğunluq olan, öz əməlinin faktiki xarakterini, ictimai təhlükəsini dərk etməyən şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Əgər şəxs həqiqətən anlaqsız olsa, bununla bağlı istintaq orqanı cinayət işinin materiallarını toplayır. Bundan sonra şəxsin əməli sübut edilirsə, ittiham aktı tərtib edilmir. Çünki artıq anlaqsız şəxs barədə məcburi tibbi xarakterli tədbirlərin seçilməsinə görə, cinayət işini müvafiq qərara əsasən, məhkəməyə göndərir. Bu zaman da onun həqiqətən anlaqsız olmasını bilmək üçün qeyd etdiyimiz kimi ekspertiza təyin edilir".

Hüquqşünas deyir ki, şəxs barədə məcburi tibbi tədbirlər Cinayət Məcəlləsinin 95-ci maddəsinə əsasən həyata keçirilir:

“Həmin tədbirlər məcburi ambulator müşahidə psixiatrik müalicəsi, ümumi tipli psixiatrik stasionar müalicəsi, ixtisaslaşdırılmış psixiatriya stasionarlarında instensiv müşahidə altında müalicəsindən ibarətdir. Stasionar müalicə alan şəxs 6 aydan bir yoxlanılır. Məcburi müalicənin ləğv edilməsi yalnız müəssisə rəhbərinin təklifi ilə məhkəmə tərəfindən həyata keçirilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11847
avatar

Fidan İlqar

Oxşar yazılar