XX əsrin faciəsi olan Xocalı soyqırımının 28-ci ildönümü Türkiyədə də geniş şəkildə anılacaq.
Lent.az xəbər verir ki, qardaş ölkədəki “Xocalı həftəsi” boyunca Türkiyənin ayrı-ayrı şəhərlərində müxtəlif tədbirlər, konfranslar təşkil olunacaq.
“Xocalı həftəsi” çərçivəsində silsilə tədbirlərdən bir neçəsi Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, politoloq və hərbi ekspert Emin Həsənli, “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynlinin iştirakı ilə gerçəkləşəcək. Onların iştirakı ilə “İnsanlıq günahı Xocalı soyqırımı 28-ci ilində” adlı ilk konfrans 22 fevralda İstanbulda, Türk Dünyası Araşdırmaları Vəqfində keçiriləcək. “Ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı törədilən Xocalı soyqırımı” adlı konfrans 24 fevralda İstanbul Rumeli Balkan Stratejik Araşdırmalar Mərkəzində, “Azərbaycanda qanayan yara Xocalı soyqırımı” tədbiri isə 25 fevralda İstanbul Universitetində olacaq. Həmin gün İstanbul Avrasiya-Bir Vəqfində keçiriləcək toplantı ilə bu şəhərdəki Xocalı konfransları yekunlaşacaq.
26 fevralda V.Quliyev, E.Həsənli və S.Hüseynlinin iştirakı ilə İspartanın Süleyman Dəmirəl Universitetində, 27 fevralda Antalya Akdəniz Universitetində Xocalı faciəsinə dair konfranslar olacaq. Hər üç nümayəndəmiz 28 fevralda Ankaradakı konfranslara qatılacaq, fevralın 29-da isə Ankara Türk Ocaqları Mərkəzini ziyarət edəcəklər.