Qubada oğurluq edən yeniyetmələr saxlanılıb.
Daxili İçlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, Quba rayon sakini İskəndər Hacıyev bu il fevral ayının 19-da rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus rayonun Qələdüz kəndi ərazisində yerləşən bağ evinə naməlum şəxslərin oğurluq məqsədi ilə daxil olduqları barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları hadisə yerində olublar. Araşdırmalar nəticəsində evə qanunsuz daxil olan şəxslər tərəfindən heç bir əşya və ya pul oğurlanmadığı məlum olub.
Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini rayonun Dağlı kənd sakini olan iki yeniyetmənin törətdiyi məlum olub. Yeniyetmələr saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Dindirilmə zamanı onlar evə oğurluq niyyəti ilə daxil olduqlarını və tutduqları əməldən peşmançılıq çəkdiklərini bildiriblər.
Faktla əlaqədar Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.