Astara rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, nəticədə rayonun Ərçivan qəsəbə sakini Rövşən Rzayev Astara şəhəri ərazisində 1 bükümdə narkotik vasitə heroini satarkən cinayət başında saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq R.Rzayevin yaşadığı evə keçirilən baxış zamanı həmin evin zirzəmisində 1 ədəd bağlamada 1 kiloqram 25 qram narkotik vasitə tiryək, 15 ədəd kibrit qutusunda 40 qram çəkidə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Rayon Polis Şöbəsi əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat tədbirləri ilə rayonun Şahağacı kənd sakini S.Həsənov saxlanılıb və onun üzərindən 1 bükümdə psixatrop maddə metemafetamin aşkarlanaraq götürülüb.
Davam edən əməliyyat tədbirləri ilə S.Həsənovun psixatrop maddəni həmkəndlisi R.Ağayevdən aldığı müəyyən edilib və sonuncu saxlanıldıqdan sonra satış məqsədi ilə üzərində gəzdirdiyi bir büküm metamfetamin aşkarlanaraq götürülüb.
“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R. Ağayevə narkotik vasitəni satan şəxsin Astara rayonu, Qamışovka kənd sakini S.Həsənov olduğu müəyyən edilib. S.Həsənov saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı 4 bükümdə 5.5 qram çəkidə psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Astara rayon Polis Şöbəsində araşdırma aparılır.