Yaxın zamanda Azərbaycan dövlət qurumları arasında yeni elektron sorğu sisteminin tətbiq edilməsi ilə onların kibertəhlükəsizlik indeksi hazırlanacaq.
"APA-Economics"in məlumatına görə, bunu II Beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində təşkil olunan "Təhlükəsiz Hökumət Buludu" mövzusunda keçirilən konfransda çıxış edən Xüsusi Dövlət Mühafizə Xidmətinin Kritik İnfrastrukturun və Təhlükəsizliyi İdarəsinin rəisi Tural Məmmədov deyib.
Onun sözlərinə görə, yeni sistemdə iki yeni modul tətbiq olunub ki, onlar vasitəsilə qurumların kibertəhlükəsizlik səviyyəsinin nə dərəcədə effektiv olduğunu və bu göstərici üzrə neçənci yerdə qərarlaşdığını görmək olacaq.
"Yaxın zamanda yeni elektron sorğu sistemi vasitəsilə qurumlarda keçiriləcək təhlükəsizlik auditindən sonra dövlət qurumları üçün nəzərdə tutulan kibertəhlükəsizlik reytinqi dərc ediləcək. Sorğu sistemində olan yeniliklərdən biri dövlət qurumlarının kibertəhlükəsizlik üzrə indeksidir ki, burada hər bir dövlət qurumu öz informasiya təhlükəsizliyi və ya kibertəhlükəsizlik indeksini görə biləcək. Eyni zamanda reytinqdə neçənci yerdə qərarlaşdığı barədə məlumat əldə edə biləcək. Digər indeks "ayıqlıq" indeksidir ki, burada dövlət qurumlarının bizim göndərdiyimiz sorğulara reaksiya müddəti ölçüləcək. Yəni orada göstərəcəyik ki, hansı dövlət qurumu daha ayıqdır və nə dərəcədə tez bir müddətdə bizim elektron sorğu sisteminə cavab verir", - deyə T. Məmmədov qeyd edib.