İrandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a daxil olan məlumata görə, narkotik vasitənin "Biləsuvar-Biləsuvar gömrük postu" avtomobil yolundakı Balharı çayının üzərində olan körpünün altında gizlədildiyi və Ataxan adlı şəxsin götürüb realizə ediləcəyi müəyyənləşdirilib.
Bu məqsədlə Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb və həmin ərazi nəzarətə götürülüb.
Martın 4-də saat 17 radələrində, şəxsiyyəti sonradan məlum olan Azərbaycan vətəndaşı Abbasov Ataxan Habil oğlunun velosipedlə sözügedən əraziyə gəldiyi müşahidə edilib. O, velosipeddən düşərək Balharı çayının üzərindəki körpünün altına enib. Burada gizlədilən 1 ədəd düyü torbasını götürüb körpünün üstünə qalxarkən saxlanılıb.
Cənub Ərazi Baş Gömrük İdarəsində baxış zamanı torbadakı düyünün arasında 3 ədəd bağlama aşkar edilib. Bağlamaların içərisində isə qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 3543 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.