Heydər Əliyev prospektində döyülmə hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.
Təxminən, 30 yaşlı kişi naməlum şəxslərlə mübahisə zəminində döyülüb. O, baş və üz nahiyəsindən ağır xəsarət alıb.
Əraziyə təcili tibbi yardım briqadası və Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları cəlb edilib.
Yaralı ilə ilkin söhbət zamanı yaddaşında və danışığında problem yarandığı müşahidə edilib. Üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından, kimliyini müəyyən etmək mümkün olmayıb.
Yaralıya ilkin tibbi yardım göstərilib. Zərərçəkən Polis Bölməsinə dəvət olunub.
Hadisənin təfərrüatı araşdırılır.