Azərbaycanda bir ayda zərərsizləşdirilən cinayətkar qruplaşmaların sayı AÇIQLANDI
10 aprel 2020 19:04 (UTC +04:00)

Azərbaycanda bir ayda zərərsizləşdirilən cinayətkar qruplaşmaların sayı AÇIQLANDI

Son vaxtlar bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə polisin respublikada tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində müxalifət nümayəndələrini guya təqib etməsi, barələrində qanunsuz olaraq hüquqi məsuliyyət tədbirləri görməsinə dair məlumatlar yayılır.    

 Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumatda qeyd olunub ki, obyektivlikdən kənar olan həmin iddiaların heç bir əsası yoxdur və bu cür qərəzli fikirlər cəmiyyəti çaşdırmaq məqsədi güdən dezinformasiyadan başqa bir şey deyildir: “Xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət həvalə edilmiş polis, müvafiq sahədə üzərinə düşən vəzifələrlə bərabər cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin təmini kimi gündəlik funksiyalarının icrasını da həyata keçirir.

Koronavirus pandemiyasının qarşısının alınmasına dair hökumət tərəfindən xüsusi Tədbirlər Planının icrasına başlanıldığı vaxtdan, polis, ölkəyə quru və hava yolları ilə gəlmiş infeksiyaya yoluxmaqda şübhəli şəxslərin müalicə-profilaktika müəssisələrinə təxliyəsi zamanı yüzlərlə təcili tibbi yardım avtomobilini, qonşu dövlətlərə gedən 5.200-dən çox yük nəqliyyat vasitəsini müşayiət edib. Virusa yoluxanların hospitalizasiya edildiyi və yoluxmaları ehtimal olunan şəxslərin karantinə yerləşdirildiyi 51 obyekti bu gün də sutkalıq mühafizə edir. Şəxslərin və nəqliyyatın şəhərlərarası və rayonlararası hərəkətinin məhdudlaşdırılması məqsədilə 733 postda, ictimai yerlərdə, küçə və prospektlərdə xidmət aparır. Təkcə cari ilin mart ayı ərzində xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 5 cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb olunmuş, 154 nəfər inzibati qaydada həbs edilmiş, 33 minə yaxın şəxs barəsində digər tənbeh tədbirləri görülmüşdür. Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna qanunsuz daxil olmağa cəhd edən 22 min avtomobil geri qaytarılmışdır.

Bütün bunlara paralel olaraq polis özünün qanunla müəyyən edilmiş cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı fəaliyyətini də davam etdirir. Son bir ayda qeydə alınmış 1186 cinayətin böyük əksəriyyəti açılmış, 1860 nəfər məsuliyyətə cəlb edilmiş, axtarışda olan                             485 şəxs tutulmuş, 106 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 260 kiloqram narkotik vasitə çıxarılaraq bu əməllərə görə 353 nəfər məhkəmə məsuliyyətinə verilib.

Müxalifət nümayəndələrinin təqib edilməsi iddiasına gəldikdə isə qeyd olunmalıdır ki, əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət yaxud inzibati xəta törətmiş istənilən şəxs qanun qarşısında bərabərdir və yol verdiyi hüquqazidd əmələ görə də cavabdehlik daşıyır.

Polisin həyata keçirdiyi tədbirlər isə – məhz cəmiyyətin dinc həyatının, hər bir vətəndaşın sağlamlığının, hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunmasına xidmət edir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1284
avatar

Mehman Nəbiyev

Oxşar yazılar