Bakı Ağır Cinayətlər Məhkəməsində 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı təqsirləndirilənlərdən Fariz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid N.S yük maşınının sürücüsü olduğunu bildirib:
"Həmin gün Laçından qayıdırdım, Qubadlıya gedəcəkdim. Fariz Rusiya nömrəsindən mənə görüntülü zəng elədi. Dedi ki, kəpək yükü var, haradasa üç maşın lazımdır ki, daşınsın. Daşınma Türkandan İmişliyə olacaq. Hər maşın üçün ayrıca 350 manat danışdıq. Gecə saat 1-də Farizdən zəng gəldi ki, yük qalıb, sabah götürmək lazım olacaq. Ona dedim ki, yük qalıbsa, hər maşına əlavə 150 manat ödəniş olunmalıdır, razılaşdıq".
Şahid M.A. siqaret yüklərindən xəbərsiz olduğunu bildirib:
"Mən ailəmi güclə dolandıran bir adamam. Burada yaşayış evim yox idi. Hələ Türkanda işləyəndə Məsim müəllim dedi ki, bağda şitillərim var, onlara qulluq etmək lazımdır, elə həyətdəki balaca evdə də qalarsan. Razılaşdım, mənə 200 manat ödəyəcəyini dedi. Mən bağa da nəzarət edirdim. Arada gedib gündəlik qazancımı da qazanırdım. Həmin gün səhər saat 6 olardı. Həyətə çıxanda 6-7 nəfərin təlaşla ora-bura qaçdığını gördüm. Nə baş verdiyini soruşdum, məni veclərinə də almadılar. Qapıya yaxınlaşan kimi polislər məni tutdular ki, sən siqaret qaçaqmalçısısan. Dedim fəhlə adamam, əyin-başıma, yaşadığım yerə baxın, məndən qaçaqmalçı olar? Məni bir yerə apardılar, siqaret yüklərini orada gördüm. Həbsdə olan bu şəxsi (təqsirləndirilən Fariz Məhərrəmova işarə edir) tanımıram. Mən Məsim müəllimə bura tırların gəldiyini, baş verənləri xəbər elədim".
Şahid İ.Ə.-təqsirləndirilən şəxsi tanımadığını deyib:
"Mən limanın işçisi olmuşam. İşim də əraziyə daxil olub çıxan maşınları qeyd etmək idi. Həmin gün boş maşın gəldi. Maşının sürücüsü mənə yaxınlaşdı, dedi ki, vəsiqəsi üzərində yoxdur. Ad soyadını dedi, mən də qeydiyyatı apardım. Adam maşınla təxminən 40 dəqiqə içəridə qaldı. Daha sonra gömrük əməkdaşları gəlib sənədləri apardılar".
Növbəti proses 14 avqust saat 16:00 təyin olundu.
Xatırladaq ki, ittihamda Fariz Məhərrəmovun xaricdən qaçaq yollarla xüsusilə külli miqdarda siqaret tütünlərinin daşınmasında və ölkə ərazisində satışını həyata keçirməkdə təqsirləndirildiyi qeyd olunub.
Bu cinayətdə o, dəstə üzvləri ilə birgə fəaliyyət göstərib, uzun müddət qaçaqmal siqaretlərin ölkənin müxtəlif ərazilərində satışı ilə məşğul olub.
Qeyd olunan əməlinə görə ona Cinayət Məcəlləsinin 206.4-cü (qaçaqmalçılıq-xüsusilə külli miqdarda) və 213-1.2.1-ci (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) maddələri ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilsə, onu 10 ildən çox həbs cəzası gözləyir.
Faktla bağlı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov, gömrükçülər və başqa məsul şəxslər də həbs ediliblər.
5 iyun 2026-cı il tarixdə məhkəmənin qərarı ilə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov ev dustaqlığına buraxılıb.