Goranboyun Meşəli kəndi ərazisindən son 6 ay ərzində 40 başdan çox iribuynuzlu mal-qara oğurlanıb.
APA-nın yerli bürosunun məlumatına görə, Meşəli kəndindəki həyət və otlaq sahələrindən 10 nəfər Kəlbəcər rayon sakininin mal-qarası oğurlanıb.
Ötən ilin avqust, sentyabr və oktyabr aylarından etibarən intensiv şəkildə mal-qara həyət və örüş yerlərindən yoxa çıxmağa başlayıb. Kənd sakini Mürşüd Zeynalov isə hətta iki dəfə qarət olunub. Öncə 6 baş, daha sonra isə 8 baş iribuynuzlu malı oğurlanıb. Oğrular qarət zamanı əsasən ətlik və südlük mal-qaraya üstünlük verib.
Baş vermiş faktlarla bağlı Kəlbəcər rayon Polis Şöbəsində araşdırmalar davam edir.