30 il əvvəl taksi sürücüsünü öldürən  iki nəfər həbs edildi
22 aprel 2026 18:22 (UTC +04:00)

30 il əvvəl taksi sürücüsünü öldürən iki nəfər həbs edildi

0

30 il əvvəl törədilən qətlin üstü açılıb, iki nəfər həbs edilib.

Lent.az bildirir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumata görə, Bayramov Gülməmməd Xanəhməd oğlunun 1996-cı il aprelin 10-da yaşadığı evdən çıxaraq geri qayıtmaması faktı üzrə 1997-ci il iyunun 12-də başlanan  cinayət işinin istintaqı Baş Prokurorluğunun İstintaq idarəsində davam etdirilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdiyi çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilov Şahin Mahmud oğlu və Qafarov Hidayət Şirzad oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq basqını edərək tamah niyyəti və başqa cinayəti gizlətmək məqsədi ilə Gülməmməd Bayramovu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalarla müəyyən olunub ki, Ş.Cəlilov və H.Qafarov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, 1996-cı il aprelin 10-da Bakı şəhəri “Neftçilər” metrostansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramova müştəri kimi yaxınlaşıblar. Onlar Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsinə gedərkən avtomobildə zərərçəkmişi iplə boğaraq tamah məqsədi ilə qəsdən öldürüblər.

Daha sonra onlar cinayətin izlərini gizlətmək məqsədilə meyiti Qara-Çuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədiblər və zərərçəkmişə məxsus avtomobili isə hissələrə ayıraraq sataraq əldə etdikləri vəsaiti aralarında bölüşdürüblər.

Şübhəli şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.

2026-cı il aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycanın 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib, istintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin qərarları ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar