Bakının Sabunçu rayonunda ağır yol qəzası zamanı 3 nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Sakit Qocayev küçəsində “Toyota” markalı avtomobili idarə edən 1995-ci il təvəllüdlü Orxan Abbasov stop nişanına məhəl qoymayaraq sürətlə əsas yola daxil olub. Bu zaman əsas yolda olan “VAZ-2107” markalı avtomobil “Toyota”ya dəyərək aşıb. Aşan nəqliyyat vasitəsi baş yolda sola dönmək istəyən Cavidan Məmmədovun idarəetməsində olan “Mercedes”ə çırpılıb. Qəza nəticəsində “Toyota”nın sürücüsü O. Abbasov və sərnişinlər - 1998-ci il təvəllüdlü Elvin Həsənli, 1974-cü il təvəllüdlü Vadim Limocenko ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım avtomobili vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin təhqiqatçısı hadisə yerinə cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib. Hər üç avtomobil cərimə meydançasına yerləşdirilib.