“Priton” məsələsi Xaçmazı silkələdi: “Mən buna imkan vermərəm!”
02 avqust 2012 16:09 (UTC +04:00)

“Priton” məsələsi Xaçmazı silkələdi: “Mən buna imkan vermərəm!”

“Rayondakı “Gülüstan” adlı kafe tam nəzarətdədir. Nə dünən, nə də gecə orda əxlaqsız qadınların olduğunu müşahidə etməmişik. Mən inkar etmirəm ki, həmin yerdə əxlaqsız qadınlar fəaliyyət göstərirmiş. Amma rayonun icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabyev mənə göstəriş verəndən sonra həmin əraziyə polis nəfərləri və əməliyyatçı göndərmişəm, orda əxlaqsız qadınlara rast gəlinməyib”.

Bunu Lent.az-a Xaçmaz rayon Polis Şöbəsinin rəis müavini Valik Vəlimətov bildirib.

Xatırladaq ki, avqustun 1-də Lent.az-da yayımlanan ““Çənlibel”dəki mavilər və Mayanın pritonunda bir gecənin dəhşətləri” adlı reportaj rayonda böyük rezonans doğurub. Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev reportaj yayımlanandan sonra əməkdaşımızla söhbətində faktı pisləyərək, məsələnin araşdırılması və tədbir görülməsi barədə polisə tapşırıq verəcəyini demişdi.

Vəlimətovun dediyinə görə isə dünən bütün gecəni polis adıgedən kafenin ərazisində olub, onun fəaliyyətinə nəzarət edib. “Biz bu tip halların baş verməsini pisləyirik. Rayonda əxlaqsızlıq yuvaları saxlayanlara qarşı mübarizəyə ara verməyəcəyik” - deyə, rəis müavini bildirdi.

Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə bir daha əlaqə saxladıq. Şəmsəddin müəllim bizimlə söhbətində rayon rəhbəri kimi bir daha belə halları pislədiyini qeyd etdi. “Mən dərhal polisə göstəriş verdim. Polis də həmin ərazidə reyd keçirib, mənə məruzə etdi. Mənim rəhbərim olduğu rayonda belə halların olmasına heç vaxt imkan vermərəm” - deyə, icra başçısı bildirdi.

Səbuhi Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1383

Oxşar yazılar