60 min manatlıq dələduzluqla bağlı rəsmi məlumat yayıldı
31 iyul 2012 15:03 (UTC +04:00)

60 min manatlıq dələduzluqla bağlı rəsmi məlumat yayıldı

Baş Prokurorluq korrupsiya faktları ilə əlaqədar növbəti məlumatı açıqlayıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Astara rayon sakini Baxşıyev Şadoğlan Əkbər oğlunun ona qarşı dələduzluq edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb. Müəyyən edilib ki, Novruzov Oqtay Vəli oğlu tanışı Fərhadova Nisbət Ramazan qızı ilə qabaqcadan əlbir olub Ş.Baxşıyevdən oğlu Manaf Baxşıyevin barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsində istintaq edilən cinayət işinin müsbət həll olunacağı və məhkəmədə cəzasının yüngülləşdiriləcəyi adı ilə 2011-ci ilin avqust ayının ortalarından külli miqdar təşkil edən 60 min 100 manat məbləğində pulunu ələ keçirərək dələduzluq edib.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Digər cinayət işi isə özünü vəkil kimi təqdim edən şəxs barəsində başlanıb. Bakı şəhər sakini Fətəliyeva Ülkər Hacıkişi qızının ona qarşı dələduzluq edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb. Müəyyən edilib ki, özünü vəkil kimi təqdim edən Bəşirov Emin Yusif oğlu Ülkər Fətəliyevanın keçmiş həyat yoldaşından mənzil və digər maddi ödənişləri məhkəmə yolu ilə alacağına köməklik göstərəcəyini vəd edərək ondan 1.000 manat məbləğində pul almaqla dələduzluq edib.

Fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593

Oxşar yazılar