MTN kompleks əməliyyat tədbirləri keçirib
30 iyul 2012 15:14 (UTC +04:00)

MTN kompleks əməliyyat tədbirləri keçirib

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığının, eləcə də qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərilməsinin qarşısı alınıb. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları – Nəhmətov Amid Firudin oğlu, İmanverdiyev Ayaz Mahmud oğlu və hazırda şəxsiyyəti istintaqla araşdırılan Ərşad adlı İran İslam Respublikasının vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni İran İslam Respublikasından gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriblər.
Müəyyən edilib ki, qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən Ərşad adlı iranlı narkotik vasitələri İran istiqamətindən qaçaq yolla Azərbaycanın Astara rayonunun Alaşa kəndi ərazisinə keçirmiş və orada gizlədib. Ayaz İmanverdiyev həmin narkotik vasitələri əvvəlcədən müəyyən edilmiş yerdən götürərək Astara rayonunun Şahağacı kəndində Amid Nəhmətova təhvil verib. MTN əməkdaşları tərəfindən Ayaz İmanverdiyev və Amid Nəhmətov yaxalanıb, sonuncunun yaşadığı evə keçirilmiş baxış zamanı 24 kiloqram 402,8 qram həşiş qətranı aşkar edilərək götürülüb.

MTN-in həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq, yəni tələb olunan lisenziyanı almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan Özbəkistan Respublikasının vətəndaşı İskanderov Pulat İskanderoviç saxlanılıb.

Məlum olub ki, Pulat İskanderov və qeyriləri «Bakcell Ltd» MMC-nin mobil operator şəbəkəsində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıb külli miqdarda pul qazanmaq məqsədilə cinayət əlaqəsinə giriblər. Bundan sonra, adları çəkilən şəxslər xaricdə istehsal olunmuş «GSM» kanalpaylayıcılarını və digər texniki avadanlıqları əldə etmiş və onları Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən mənzillərdə quraşdırıblar. Pulat İskanderov «Bakcell Ltd» MMC-yə məxsus, ayrı-ayrı şəxslərin adına sənədləşdirilmiş 245 ədəd «GSM» mobil telefon nömrəsi alıb, bu nömrələri həmin xüsusi texniki avadanlıqlara daxil etdikdən sonra İnternetə qoşularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil edib. Göstərilən ünvanlara baxış keçirilərkən həmin avadanlıqlar işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə aşkar olunub.
Müəyyən edilib ki, qısa müddət ərzində qanunsuz təşkil edilmiş beynəlxalq telefon danışıqları nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təxminən 104 min manatdan artıq ziyan vurulub.
Hər iki faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma), həmçinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olma) maddələri ilə cinayət işləri başlanılıb. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq-əməliyyat tədbirləri davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar