Quba Soyqırımı Memorial Kompleksi payızda təhvil veriləcək
23 iyul 2012 19:05 (UTC +04:00)

Quba Soyqırımı Memorial Kompleksi payızda təhvil veriləcək

Bunu APA-ya Quba rayon İcra Hakimiyyəti başçısının I müavini Yusif Abidov bildirib. Onun sözlərinə görə, hazırda əsas tikinti işləri kompleksdə gedir: “Tikinti başa çatdıqdan sonra məzarlıqdakı sümüklərin köçürülməsi və ya şüşə altında qorunması nəzərdə tutulur. Məzarlığın canlı muzey kimi qalması planlaşdırılır”.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev isə APA-ya bildirib ki, Quba məzarlığından götürülən 8000-ə yaxın sümük yuyularaq dərmanlanıb: “Kompleksin binası tam hazır olduqdan sonra sümüklər yerinə qoyulacaq”. Lakin Ş. Musayev məzarlıqdakı sümüklərin yerində dərmanlanmasının mümkünsüz olduğunu qeyd edib: “Məzarlıqda xüsusi mühit yaratmaq lazımdır ki, çürümə prosesi dayandırılsın. Bu mühiti isə torpaqda gedən erroziyanin qarşısını almaqla yaratmaq olar. Bu, həmin sahə ilə bağlı mütəxəssislərə aiddir”.

Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Qalıqları tapılanların 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanı isə yaşlı kişidir. Ermənilərin azərbaycanlılarla yanaşı, amansızcasına qətlə yetirdikləri ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri də məzarlıqda kütləvi şəkildə basdırılıblar. 514 kvadratmetr sahəsi olan məzarlığın 499 kvadratmetr ərazisində tədqiqatlar aparılıb. Həmin ərazidə içi insan sümükləri ilə dolu olan 2 quyu və 2 arx aşkarlanmışdı. Həmin quyulardan biri baxımsızlıq üzündən 2007-2008-ci ildə dağılıb. Digər quyuda isə çatlar yaranıb.

Azərbaycan prezidenti İlham Əliyev 2009-cu ildə Prezidentin Ehtiyat Fondundan Qubada “Soyqırımın memorial kompleksi”nin yaradılması məqsədilə 1 mln. manat ayırıb.
# 1430

Oxşar yazılar