Baş Konsulluğumuz taciklərlə azərbaycanlıların futbol davasını araşdırır
13 iyul 2012 14:57 (UTC +04:00)

Baş Konsulluğumuz taciklərlə azərbaycanlıların futbol davasını araşdırır

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu Azərbaycan və Tacikistan vətəndaşları arasında baş verən insidentlə bağlı Rusiya, həmçinin Azərbaycan mətbuatında bir-birinə zidd məlumatların dərc olunması ilə əlaqədar məlumat yayıb.
Baş Konsulluqdan APA-ya verilən məlumata görə, məişət zəminində baş verən dava nəticəsində bir Tacikistan vətəndaşı ölüb, yeddi nəfər, o cümlədən bir Azərbaycan vətəndaşı xəstəxanaya yerləşdirilib.

Baş Konsulluq insidentin eskalasiyasının qarşısını almaq üçün Sankt-Peterburqdakı tacik diasporu və Tacikistanın bu şəhərdəki fəxri konsulluğu, həmçinin zərərçəkənlərin doğmaları və yaxınları ilə daimi məsləhətləşmələr aparır.


Məlumatda bildirilib ki, dünən şəhərin hüquq-mühafizə orqanlarının, prokurorluq orqanlarının, şəhər administrasiyasının xarici siyasət idarəsinin, həmçinin Azərbaycan və Tacikistanın diplomatik nümayəndəliklərinin və milli diasporlarının təmsilçilərinin iştirakı ilə genişləndirilmiş iclas keçirilib. İclasda Azərbaycanın Sankt-Peterburqda baş konsulu Qüdsi Osmanov, Ümumrusiya Azərbaycan Konqresinin Sankt-Peterburq regional bölməsinin rəhbəri Akif Qasımov, Sankt-Peterburqda Azərbaycan diasporunun rəhbəri Heydər İmanov və Leninqrad vilayəti qanunvericili məclisinin deputatı Sayad Əliyev iştirak ediblər.


Azərbaycanın baş konsulluğu, şəhər administrasiyasının nümayəndələri və hüquq-mühafizə orqanları insidentin neqativ məcrada inkişafının qarşısını almaq üçün əlindən gələn hər şeyi edir. Cinayət işinin təhqiqatı Rusiya Təhqiqat Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin rəhbərliyinin xüsusi nəzarətindədir.

Xatırladaq ki, bir neçə gün əvvəl orada yaşayan azərbaycanlılarla taciklər futbol oynayarkən dava düşüb. Kütləvi davada 1 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529

Oxşar yazılar