Vətəndaşlara qarşı dələduzluq edən şəxslər ifşa olunub
13 iyul 2012 19:32 (UTC +04:00)

Vətəndaşlara qarşı dələduzluq edən şəxslər ifşa olunub

Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dələduzluq və aldatma yolu ilə vətəndaşların külli miqdarda pullarını mənimsəmiş Bakı şəhər sakinləri Elşən Müslümov, İlham Cəfərov və qeyrilərinin barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciət araşdırılıb.

Müəyyən edilib ki, həmin şəxslər aldatma yolu ilə İsmayıllı rayon sakini Samir Baxışovdan onun Texnikuma düzəldiləcəyi adı ilə 2008-ci ildə 6.650 manat, Tərtər rayon sakini Zöhrab Quliyevdən təqaüd düzəldilməsi adı ilə 2011-ci ildə 1.000 manat, eyni məqsədlə Tərtər rayon sakini Rəhman Bayramovdan 600 manat pul alaraq mənimsəyiblər.

Cinayətkar hərəkətlərini davam etdirən E.Müslümov və İ.Cəfərov aldatma yolu ilə 2011-ci ildə Vahid Əbilovun vasitəsilə sonuncunun tanışları Salyan rayon sakinləri Əli və Əhməd Süleymanov qardaşlarından birinciyə təqaüd təyin etdirilməsi, ikincinin isə Dövlət Neft Şirkətinə işə düzəldiləcəyi adı ilə cəmi 1.000 manat, Bakı şəhər sakini Elvin adlı şəxsdən uşağının dövlət hesabına müalicəsinə kömək edilməsi adı ilə 200 manat pulunu ələ keçiriblər.

Bundan başqa, E.Müslümov və İ.Cəfərov özlərini Dövlət Neft Şirkətinin əməkdaşı kimi təqdim etməklə Bakı şəhər sakinləri Qasım, Elbəy və Alim adlı şəxslərin həmin müəssisəyə işə düzəldiləcəyi adı ilə onların hər birindən ayrı-ayrılıqda 200 manat olmaqla, cəmi 600 manat, habelə özlərini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin işçisi kimi təqdim etməklə Bakı şəhər sakini Mahir adlı şəxsdən Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün tikilən binadan ev ayrılmasına kömək edilməsi məqsədilə 7.000 manat məbləğində pullarını dələduzluq yolu ilə ələ keçirərək mənimsəyiblər.

E.Müslümov və İ.Cəfərov daha sonra 2012-ci ilin iyununda Vahid Əbilovun qohumunu aldadaraq ev tikməsinə kömək etməsi adı ilə 27.000 manat pulunu ələ keçirmək məqsədilə Vahid Əbilovun adına saxta kassa mədaxil orderini, qaimə-faktura və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və Şəhərsalma İdarəsinin 46 saylı 17 may 2012-ci il tarixli saxta rəyini hazırlayıblar.

İ.Cəfərov həmçinin özünü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Hüquq şöbəsinin müdiri kimi təqdim etməklə Bakı şəhər sakini Elşən Ağayevdən Buzovana qəsəbəsində yaşadığı evinin sənədləşdirilməsi adı ilə 2012-ci ildə 1.180 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirib.

Araşdırma zamanı həmin şəxslərdən saxta sənədlər, həmin sənədlərin hazırlandığı kompüter dəstinin prosessoru və yaddaş kartı əldə edilərək götürülüb.

Fakta görə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü (dələduzluq) və 320.1-ci (rəsimi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

İstintaq zamanı cinayətin bütün iştirakçılarının müəyyən edilərək onların cinayət məsuliyyətinə cəlb edilməsi, vətəndaşlara vurulmuş ziyanın ödətdirilməsi, habelə bu kateqoriyadan olan cinayətləri doğuran səbəb və şəraitin aradan qaldırılması üçün zəruri tədbirlərin həyata keçirilməsi təmin ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1159

Oxşar yazılar