Qaçaqmalçılıq yolu ilə gətirilən 27 kq narkotik tutulub
26 aprel 2011 17:08 (UTC +04:00)

Qaçaqmalçılıq yolu ilə gətirilən 27 kq narkotik tutulub

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı son bir ay ərzində həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 20 nəfər ifşa olunaraq yaxalanıb, onlardan ümumilikdə 27 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.


MTN ictimai əlaqələr mərkəzindən Lent.az-a bildirilib ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində uzun müddət cəzasızlıq şəraitində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri yaxalanıblar. Müəyyən edilib ki, Azərbaycan Respublikasının vətəndaşları - Şamilov Namiq Əhməd oğlu, Xubaliyev Sərraf Şəkərali oğlu, Ələkbərova Arzu İsa qızı, Şamilov Tahir Əhməd oğlu, Yaraliyev Ramiz Pirəli oğlu, Bəkirov Vüsal Ərəstun oğlu, Qasımova Asya Çingiz qızı, Şamilov Zöhrab Əhməd oğlu, Şamilov Həzrət Zöhrab oğlu, Əhmədov Elnur Sabir oğlu, Şamilov Məcid Tahir oğlu və digərləri mütəşəkkil dəstənin tərkibində külli miqdarda narkotik vasitəni satış məqsədilə qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə gətiriblər, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edib saxlayıblar və xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstəriblər.


Əməliyyat zamanı MTN əməkdaşlarından bir necəsinin müxtəlif dərəcəli bədən xəsarətləri almasına baxmayaraq, dəstənin üzvlərinin zərərsizləşdirilməsi tədbirləri müvəffəqiyyətlə nəticələnib.


Keçirilmiş baxışlar zamanı Namiq Şamilovun üzərindən, idarə etdiyi «Wolksvaqen Tiquan» markalı avtomaşınından və yaşadığı mənzildən külli miqdarda narkotik vasitə olan 147,373 qram heroin, digər mənzilindən 1 ədəd «Mauzer» tipli tapança və ona aid 7 ədəd patron, Sərraf Xubaliyevin üzərindən və idarə etdiyi «Mercedes Benz» markalı avtomaşından 495,135 qram heroin, Tahir Şamilovun üzərindən 3,397 qram heroin, Arzu Ələkbərovanın üzərindən 116,3 qram heroin, Ramiz Yaraliyevin üzərindən 4,196 qram heroin, Asya Qasımovanın üzərindən 28,107 qram heroin, Vüsal Bəkirovun üzərindən 2,855 qram heroin, Həzrət Şamilovun üzərindən 0,161 qram heroin, eləcə də Elnur Əhmədova məxsus idman çantasının içərisindən 14,522 qram heroin, Zöhrab Şamilovun mənzilindən 313,4 qram heroin, habelə Namiq Şamilova məxsus 24 ədəd müxtəlif çaplı patron aşkarlanıb.


MTN digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - İdrisov Bəhram Fərman oğlu və Ələkbərov Tərlan İlyas oğlu saxlanılıb, keçirilmiş baxış nəticəsində onlardan 2 kiloqram 784 qramdan artıq heroin aşkarlanaraq götürülüb.

Məlum olub ki, Bəhram İdrisov, Tərlan Ələkbərov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni qaçaq yolla İrandan Azərbaycan ərazisinə gətiriblər.


Daha bir əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Nağıyev Samir Xanəhməd oğlu, Abbasov Azad Vidadi oğlu və Nəsirova Səidə Hüseynqulu qızı saxlanılıb, 12 kiloqram 757 qram həşiş aşkarlanıb.

Müəyyən edilib ki, adları qeyd olunan şəxslər və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə Səidə Nəsirovanın sifariş etdiyi həmin narkotik vasitəni gizli yolla İrandan Azərbaycan ərazisinə gətiriblər.


Növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Həsənov Nizami Məhərrəm oğlu, Səfiyev Qaçay Xasay oğlu və Qarayev Çingizxan İslam oğlu saxlanılıb, onlardan külli miqdarda - 570 qramdan artıq heroin aşkarlanaraq götürülüb.

Məlum olub ki, adları çəkilən şəxslər, habelə hazırda şəxsiyyəti istintaq tərəfindən araşdırılan İran İslam Respublikasının vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni qaçaq yolla İrandan Azərbaycan ərazisinə gətiriblər.



Aprelin 23-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə Azərbaycan Respublikasının vətəndaşı Tahirov Əflatun Əhməd oğlu saxlanılıb, ondan 10 kiloqrama yaxın həşiş aşkarlanıb.


Bütün faktlar üzrə cinayət işləri başlanılıb, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654

Oxşar yazılar