Özünü yandıran meyxanaçıdan doğma məhəlləsinə qalan tək nişanə - REPORTAJ
12 yanvar 2011 19:49 (UTC +04:00)

Özünü yandıran meyxanaçıdan doğma məhəlləsinə qalan tək nişanə - REPORTAJ

Girəcəyindən, sərhədindən, ərazisi başlayan yerdən deyil, ora aparan yoldan başlayır bütün ölkələr, şəhərlər, kəndlər...getdiyin ünvana tərəf sənə yol yoldaşlığı eləyəcək adamların sifətinə, hərəkətlərinə, danışıqlarına öyrəşə bilməkdən başlayır oralara uyğunlaşma. Səni hadisəyə aparan səbəbdən başlayır alacağın bütün xəbərlər.

Yox, ifrat fəlsəfi, və əttökən romantizmlə dolu giriş oldu...özümdən asılı deyil, barmağımı klaviaturaya atanda məsələnin mahiyyəti kənarda qalır, özümü mətnin, yazı yazmağın romantikasına təslim eləyirəm. Etiraf - Meyxanaçı haqda yazını belə mücərrəd söhbətlərlə başlamamaq da olardı. Amma üç gün əvvəl özünü yandırmış meyxanaçı Məşədi Babanın tarixçəsini öyrənməyə gedəndə, Maştağaya aparan avtobusun özü artıq yazını məndən xəbərsiz başlamışdı. Qadınları avtobusun ön, kişiləri arxa qapısından mindirib-düşürən sürücü, bir-birindən qəribə sərnişinlər, avtobusdakı təhlükə, zarafat, kinayə dolu dialoqlar dil açıb:

- Məşədi Baba bizim aramızda böyüyüb, bizim aramızda yetişib, bizdən biri olub. Bax, artıq hara getdiyini öyrəndin...nə gözləyəcəyini, nələr eşidəcəyini indidən təsəvvür elə.
Qarşıma çıxan ilk adam mənə Məşədi Babanın yaşadığı, daha doğrusu üç gün əvvələ qədər yaşadığı ünvanı göstərir. Əli ilə göstərmir, qarşıma keçib, məni düz evə qədər aparır. Cavan, üzü tüklü oğlanı çağırıb, gəlişimdən xəbərdar edir. Ayaqqabılarımı çıxarmadan evə keçməyi təklif eləyən, üz-gözündən milli abır-həya yağan qarayanız oğlan mərhum meyxanaçının qardaşıdır.

Qohum, simsar qadınların oturduğu otağa keçirəm. Sonradan biləcəm ki, bu, mərhumun anası Fəridə xanımın otağıdır. Ömrünün son bir ilini Məşədi Baba bu otaqda, anasının yanında keçirib. İçəri girəndə üzümə baxan qadınların baxışları altında otağın qoxusunu qəribə xoşhallıqla burnuma çəkirəm – bir az soba tüstüsü, bir az təzəcə dəmlənmiş çay ətri, bir az rütubət, bir az da insan iyinin qarışdığı, köhnə evlərə məxsus doğma qoxu...

Dövrələmə oturmuş qadınların arasında mərhumun bibisi Məşədi Münəvvər, bibisi qızları, yaxınları var. Otaqdakı tək kişi Məşədi Babanın qardaşı Şahin olur. Kətili altına çəkib, oturur, mənə yerdən yox, otaqdakı tək çarpayının üstündə oturmağı təklif eləyir. Otururam və baxışlarımı divardan oyma rəflərdə sırayla düzülmüş yarımçıq mərcimək, şəkər tozu, düyü balonlarında, köhnə kasadakı dilimlənmiş kərə yağ parçalarında, sovetdən qalma rəngsiz, nazik stəkanlarda, divarlarda qopuq-qopuq olmuş boyada, his basmış dördkünc sobada, sobanın üstündə qaynayan çayniklərdə, rəngi illərdir solmuş, çürümüş taxta döşəmədə gəzdirirəm. El adamı kimi başsağlığı verirəm və sonra nə deyəcəyimi bilmirəm. Jurnalist olduğumu deyirəm amma nə soruşacağımı, nədən danışacağımı bilmirəm. Şahin həzin-həzin ağlaşan, arada susub gündəlik iş-güclərindən danışan qadınların qarmaqarışıq səsləri altında qardaşının hekayətini danışır:

- Türmədən çıxandan sonra dəyişdi. Əvvəllər belə deyildi. Uşaqla uşaq idi, böyüklə böyük. Əyninin paltarını çıxarıb, kasıb-kusuba geyindirərdi. Dünya malında gözü yox idi o adamın. Türmədən çıxandan sonra belə oldu. Düz on il idi. Elə ki içkiyə qurşandı, hər şey məhv oldu. İçkidən başı ayılmırdı. İçirdi, hamını incidirdi. Anamı, qohumları, yoldaşını. Məclislərə də aparmırdılar son vaxtlar onu. Kim məclisə aparsa, orada içirdi qanqaraçılıq salırdı. Söyüşnən meyxana deyirdi, dava salırdı. Kənd yeridi axı, ayıbdı. Ona görə, yaxın dostları da ondan uzaq gəzirdi son vaxtlar. Hamını incidirdi də... elə ailəsi də buna görə dağıldı. Əmim qızını almışdı. Özü də bir-birilərini sevib, evlənmişdilər. Məşədi Baba bir gün içdi, öz evinə od vurub, yandırdı. Çıxdı həyətə, maşınını da yandırdı. Özünün, uşağının sənədləri də yandı o evdə. Əmim dözmədi, gəldi qızını da, uşağı da apardı. Neynəsin, mənim də yeznəm gündə içsə, gedib bacımı gətirərəm. İçki evini yıxdı onun. İçki düşkünü olmuşdu, bir gün də dayna bilmirdi içkisiz.

Bu vaxt qapı açıldı, bir dəstə cavan qadın paltarından betər üzünün rəngi solmuş yaşlı arvadı qolundan tutub, otağa saldılar. Mərhumun anası idi, oğlu ilə danışdığımızı görüb, yanımda, çarpayının üstündə oturub, ağlayıb-sızıldadı. İnternet saytlarının oğlunun guya narkotik aludəçisi olduğunun yazmaqlarından şikayətləndi. Əsib-coşdu:

- Mənim oğlum nə iynə vuran olmayıb, nə də çəkən! Alkoqolik idi, içki düşkünü idi, içkisiz yaşa bilmirdi! Vəssalam. Başqa heç nəyi yox idi onun. İpək kimi adam idi, içəndə burdan qışqırıb-bağırırdı, on dəqiqədən sonra qucaqlayıb, yalvarırdı ki, bağışla içkili idim, bilmədim, xətrinə dəydim...

Otağın istisindən qarsılıb, jaketini soyundu. Oğlunu həyat yoldaşından ayıran əmisinin qarasına deyindi. Otaqdakı qadınlar, Şahin burada jurnalistlərin olduğunu deyib, onu sakitləşdirməyə, məhrəm söhbətlərdən yayındırmağa çalışdılar. Amma o susmadı:

- Adamın qardaşı oğluna heç ürəyi yanmaz?! Əmisən, qardaşın oğlu içir, çalış qoyma. Ta, arvadını alıb, aparmaq nədi? Yazıq qız, gəlini deyirəm, heç nə demirdi. Deyirdi Baba içkini tərgitsin, qayıdacam. Amma tərgitmirdi, qızım, nə bəladısa, tərgitmirdi. Axırda bezdim, sonbeşik oğluma dedim ki, icazə verirəm, get polisə şikayət elə, gəlib bunu bir-iki aylığa salsınlar həbsxanaya. Orada nəzarətdə olsun ki, araq içə bilməsin. Getdi, dedi. Polislər də dedi ki, gərək anası özü şikayət ərizəsi yaza. Mən ərizə yazanam? Bir müddət müalicə elətdirdik. Xəstəxanada, nəzarət altında idi. Elə yer idi ki, ordan quş da uça bilməzdi. Oradan onu necə buraxdılar, Baba oradan necə çıxdı, bilmirəm. Deyirdi, son vaxtlar deyirdi ki, özümü yandıracam. Deyirdim, elə şey olmaz. Deyirdi mən ailəm dağılandan sonra yaşamayacam, gedib əmimin qapısında od vurub, özümü yandıracam. Heç kim inanmırdı, elə də elədi yazıq...

Qaynının qarasına deyinməyə başlayanda, Məşədi Münəvvər dözmədi. Gəlib qucağında oturmuş pişiyi kənara tullayaraq, söhbətə qarışdı:
- Əmi neynəsin? Hamı elə eləyər də. Kim razı olar qızının hər gün döyülməyinə? İndi a qızım, onun uşağı qoca baba yanındadı. Sənədləri atası evi yandıranda yanıb, kül olub. İndi ikinci sinfə getməlidi uşaq, gedə bilmir sənəd ucbatından. Yazın, yazın bir köməklik eləsinlər. Qoca baba yanındadı uşaq, baba da şoferlik eləyir. Şoferliklə uşaq böyütmək, uşaq oxutmaq olar a bala?!

Bayaqdan ortada sürən gizli gərginlik yavaş-yavaş üzə çıxırdı. Münəvvər xanım nə qarasına danışılan qardaşından, nə qardaşı oğlundan keçə bilirdi. Fəridə xanım bütün günahları oğlunun ailəsini dağıtmış əmisində görürdü. Bayaqdan ortaya atılan eyhamlar mübahisəyə çevrilirdi. Ortamdakı gərginliyi görüb, Şahinlə həyətə çıxdıq. Kədər də, təəssüf də, amma həm də qəribə bir toxtaqlıq qarışıq yanğı ilə Məşədi Babanı son dəfə görməyindən danışdı Şahin:

- Maşınla girdim məhəlləyə. Gördüm əlindəki şüşəni başına çəkə-çəkə yoldan keçir. Yolumu dəyişdim ki, keçsin-getsin, mən sonra girim məhəlləyə. Qınamayın məni, dava salırdı da adamı görəndə. Tək mən deyildim ki, hamı uzaq qaçırdı ondan. İki dəqiqədən sonra qonşunun uşağı qaçaraq gəlib mənə dedi ki, qardaşın özünü yandırdı. Dedim, zarafat eləyirsən, bu dəqiqə içə-içə o tərəfə keçmədi Baba? Gəldim uşaq deyən yerə, gördüm asfaltın üstündə bir tonqal yanır. Oturub yerdə, od vurub özünə. Vecinə də deyildi, dinməz-söyləməz yanırdı. Yüyürdüm, əynimdəki paltonu çıxarıb, tulladım onun üstünə. Mən paltoynan onu söndürənə qədər gec oldu... Əti paltarlara yapışmışdı. Bugünkü kimi yağış olsaydı nə vardı, yağış gölməçəsinin birinə basıb, söndürərdim onu. Nəsə, çatdırdıq onu xəstəxanaya. Elə «mama, mama» deyə-deyə canını tapşırdı. Ağzı yanmışdı, danışa da bilmirdi. Anamı çağırmadıq ki, gəlib onu bu vəziyyətdə görməsin. Can verəndə qucaqlaya da bilmədik qardaşımızı. Qucaqlamağa yeri qalmışdı ki?...

Bizi düz Məşədi Babanın özünü yandırdığı yerə apardı Şahin. Özü dediyi kimi, əmisinin həyətinin qarşısına. Məşədi Baba yanan cisminin yapışdığı asfalt hissəsi indi iki gündür yağan yağışın yaratdığı gölməçə ilə örtülüb.

Məşədi Babanın yandığı yerdə indi bir gölməçə su var. Bir də uzaqdan güclə sezilən qara bir ləkə. Yanıq ləkəsi. Məşədi Babadan doğma məhəlləsinə qalan tək şey...

Zərrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1189

Oxşar yazılar