“Oğlumu imkansızlıqdan satmaq istədim”
31 oktyabr 2012 10:26 (UTC +04:00)

“Oğlumu imkansızlıqdan satmaq istədim”

Ucqar rayonlardan birində dünyaya gələn Zöhrə günlərin bir günü sevdiyi oğlana qoşulub qaçır. Bir müddət xoşbəxt yaşayan cütlüyün sonradan bəzi problemləri başlayır və bu problemlər onların ayrılmasına gətirib çıxarır. Ayrılan zaman Zöhrə 3 yaşlı oğlunu da götürüb anasının evinə qayıdır. Lakin anası onları yanında çox saxlamaq istəmir. Deyir “mən özümü güc bəla ilə dolandırıram, sizə verməyə çörəyim yoxdur”.
Bundan sonra Zöhrə oğlu ilə birlikdə Bakıya üz tutur. İş üçün müraciət etdiyi yerlərdən müsbət cavab ala bilmir, kimsə azyaşlı uşağı olan qadına iş vermək istəmir. Maddi çətinliklər yaşayan qadın inanılmaz çıxış yolu tapır: oğlunu satmaq. Fikirləşir ki, bununla həm oğlu yaxşı həyata qovuşar, həm də öz həyatı dəyişər.


“Oğlumu 10 min manata satmaq istəyirəm”


Bakıya gəldiyi zaman tanış olduğu Murad adlı oğlanla görüşdüyü günlərin birində oğlunu imkanlı bir adama satmaq istədiyini deyir. Murad isə ona müştəri tapacağına söz verir. Bu söhbətin sonra Murad yaxın dostu olan Elşənə Zöhrə haqqında danışır. Elşən də ona müştəri tapacağına söz verir. Lakin Muraddan ayrılandan sonra bu barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək məlumat verir.

Bundan sonra həmin şəxslərin saxlanılması üçün əməliyyat planı hazırlanır. Elşən Murada zəng edərək, müştəri tapdığını deyir və uşağı almaq üçün həmin adamın Elcanın anası ilə görüşmək istədiyini bildirir. Murad Quliyev də bu məqsədlə Zöhrə İsgəndərovanı “Nəriman Nərimanov” kinoteatrının qarşısında dostu və əməliyyat-axtarış tədbirində şərti alıcı qismində iştirak edən polis əməkdaşı Səidlə görüşdürüb oradan gedir. Bundan sonra şərti alıcı olan Səid əməliyyat xərclərindən ona verilən, nömrələri əvvəlcədən tərtib edilmiş protokolda qeyd olunan 100 ədəd skayner vasitəsilə çıxarılmış 100 manatlıq pul əskinası Zöhrə İsgəndərovaya verərək ondan oğlu Elcan İsgəndərovu alır.


Qara rəngli çantadan 10 min manat çıxıb

Uşağı sataraq hadisə yerindən uzaqlaşmaq istəyən Zöhrə İsgəndərova isə polis əməkdaşları tərəfindən yaxalanır və əlindəki qara rəngli əl çantasına baxış keçirilərkən içərisindən ona verilmiş 10 min manat götürülür.

İlkin dindirmə zamanı Zöhrə ifadəsində özünü təqsirli bildir və maddi vəziyyətinin ağırlığına görə övladını 10 min manata satmaq qərarına gəldiyini deyir.


İstintaqa təqsirləndirilən şəxs qismində cəlb olunan Murad isə verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, Zöhrə onunla görüşəndə oğlunu bağçalardan birinə yazdırmaq istədiyini bildirib və bu işdə köməklik istəyib: “Mən də dostum Elşənə dedim ki, bir qız var oğlunu bağçaya yazdırmaq istəyir ki, işə gedib-gələ bilsin. Ona necə kömək etmək olar? Elşən də dedi ki, qohumlarından biri övladlığa uşaq götürmək istəyir. Övladlığa götürəcəyi uşağın anasına hörmət olaraq pul verə bilərlər. Mən bunu Zöhrəyə dedim. Zöhrə də onu həmin şəxslə görüşdürməyi məndən xahiş elədi”.

Lakin Elşən ifadəsində göstərib ki, Murad tanışı Zöhrənin öz yetkinlik yaşına çatmayan övladını 10 min manata satmaq istədiyini və bunun üçün müştəri axtardığını bildirib. O, da bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat verib.

Zöhrənin anası Həqiqət isə ifadəsində qızının bir müddət əvvəl həyat yoldaşından boşanaraq oğlu Elcanla onun yanında yaşamağa gəldiyini, lakin uşağı saxlamaq üçün imkanlarının olmadığını deyib: “Mən dəfələrlə qızıma demişəm ki, uşağı ver atası saxlasın. Bizim imkanımız yoxdur. Lakin o uşağı vermək istəmirdi. Heç atası da uşaqla maraqlanmırdı. Qızımın uşağı satmaq istəməsindən xəbərsiz olmuşam. O, saxlanılandan sonra bu barədə eşitmişəm”.


Şahid qismində dindirilmiş Zöhrənin keçmiş həyat yoldaşı Pərviz və qayınanası Bəsti isə Zöhrənin anasının hər zaman onların ailə işlərinə müdaxilə etdiyini, bunun nəticəsində onların ailəsinin dağıldığını deyiblər. Onlar uşağın satılmasından xəbərsiz olduqlarını söyləyiblər.


Məhkəmənin hökmü

Cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Məhkəmənin hökmü ilə Zöhrə İsgəndərova 4 il, Murad Quliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Lakin prokurorluq hökmdən protest verib. Nəticədə Bakı Apellyasiya Məhkəməsi Zöhrənin barəsində hökmü dəyişərək, 8 ilə qaldırıb. Muradın barəsində olan hökm isə dəyişdirilmədən saxlanılıb.

Bu hadisədən sonra balaca Elcan uşaq evinə verilib.

Qeyd: Yazı cinayət işinin ittiham aktı əsasında hazırlanıb.

Şəhriyar Əlizadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2378

Oxşar yazılar