Milli Məclis: Gülər Əhmədovanın müraciəti MSK-ya göndərilib - MƏTN
28 sentyabr 2012 19:34 (UTC +04:00)

Milli Məclis: Gülər Əhmədovanın müraciəti MSK-ya göndərilib - MƏTN

Sentyabrın 28-də Milli Məclisin Sədri Oqtay Əsədova parlamentin deputatı Gülər Əhmədova məktubla müraciət edib. Bu barədə Lent.az Milli Məclisin saytına istinadən xəbər verir.

Müraciətdə bildirilir ki, sentyabrın 25-də bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən guya deputat seçilməsi üçün Gülər Əhmədovaya külli miqdarda pul verməsi barədə video-görüntülər yayımlanıb.

Parlamentin saytında yerləşdirilən məlumatda daha sonra bildirilir: “Bu hadisə ilə əlaqədar Bakı şəhər prokurorluğunda Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Deputat hesab edir ki, istintaq orqanı bu məsələni araşdıraraq obyektiv həqiqəti və günahkar şəxsləri üzə çıxaracaq. Bununla belə, KİV-də yayılmış məlumat ictimaiyyət arasında rezonans yaradıb, bəzi dairələrdə müzakirələrə səbəb olub. Destruktiv qüvvələr bu məsələdən bəhrələnərək demokratik və şəffaf seçkilər əsasında formalaşmış Milli Məclisin legitimliyini şübhə altına almağa çalışıblar.

Məktub müəllifi qeyd edir ki, o, istintaqın obyektiv araşdırılmasına köməklik etmək niyyətindədir. Bu məqsədlə o, belə hesab edir ki, bundan sonra Milli Məclisin deputatı kimi qalmağı ictimaiyyət arasında istintaqa təsir kimi qiymətləndirilə bilər. Maraqlı qüvvələr isə bundan istifadə edib işin obyektiv araşdırılmasına kölgə salmağa cəhdlər edəcəklər.

Buna görə Gülər Əhmədova məktubda ölkə Konstitusiyasının 89-cu maddəsinin 5-ci bəndinə istinad edərək Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından imtina etdiyini və bu haqda qanunla müəyyən edilmiş qaydada qərar qəbul edilməsini xahiş edir.

Milli Məclis deputatının mandatdan imtina etməsi ilə əlaqədar deputatlıqdan məhrumetmə ilə bağlı məsələlərin qanunla müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirildiyini nəzərə alaraq, deputat Gülər Əhmədovanın deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciəti aidiyyəti üzrə baxılmaq üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6998

Oxşar yazılar