Mətbuat Şurası tanınmış jurnalistin vəfatı ilə bağlı nekroloq yayıb - FOTO
24 sentyabr 2012 18:10 (UTC +04:00)

Mətbuat Şurası tanınmış jurnalistin vəfatı ilə bağlı nekroloq yayıb - FOTO

Azərbaycan Mətbuat Şurası tanınmış azərbaycanlı jurnalist və yazıçı, dəyərli soydaşımız Fərhad Ağamalıyevin vəfatı ilə bağlı nekroloq yayıb. Lent.az-ın məlumatına görə, nekroloqda bildirilir ki, F. Ağamalıyev 1946-cı ildə Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Çoxsaylı kitabın, tamaşaçı marağı qazanmış kino ssenarilərinin, dram əsərlərinin müəllifidir. Onun ədəbi ssenariləri əsasında Bakıda, Moskvada, Sverdlovskda, Minskdə və digər yerlərdə bədii filmlərlə yanaşı, dərin ictimai məzmuna malik sənədli ekran əsərləri də ərsəyə gəlib.

Görkəmli jurnalist hələ 1987-ci ildə «Sovet mədəniyyəti» kimi partiya mətbuatında işləyərkən qədim şəhərlərimizdən olan Gəncənin adının özünə qaytarılması təşəbbüsü ilə çıxış edərək, cəsarətli addım atıb. F. Ağamalıyev 2004-cü ilədək Azərbaycanın Rusiyadakı Səfirliyinin mətbuat xidmətinə rəhbərlik edib.

Azərbaycan Mətbuat Şurası çox illik xidmətləri olan görkəmli qələm sahibimizin vaxtsız vəfatını Azərbaycan jurnalistikası, o cümlədən ictimai fikri üçün böyük itki sayır, mərhumun yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir.

Ustad jurnalist, dəyərli ziyalı, böyük vətənpərvər F. Ağamalıyevin əziz xatirəsi daim yaddaşlarda qalacaq.

Allah rəhmət eləsin.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1126

Oxşar yazılar