Tofiq Yaqublu məşum qəzanı danışır: “Elə bildim, Nigar ölüb...” - MÜSAHİBƏ
18 sentyabr 2012 16:46 (UTC +04:00)

Tofiq Yaqublu məşum qəzanı danışır: “Elə bildim, Nigar ölüb...” - MÜSAHİBƏ

Müsahibimiz Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubludur. Ancaq söhbətimizin mövzusu siyasi proseslər yox, Tofiq Yaqublunun qızı, partiya Məclisinin üzvü, Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun iştirakçısı olduğu, ölümlə nəticələnən yol qəzası və Nigar Yaqublunun həbsi ilə bağlıdır...

- Hadisə baş verən günü necə xatırlayırsınız?

- Kəndçimiz olan bir qadın rəhmətə getmişdi. Avqustun 25-də səhər saat 11 radələri idi, həmin qadının dəfninə gedirdik. Dayanacaqda idik, mobil telefonuma tanış olmayan bir zəng gəldi. Dövlət Yol Polisinin əməkdaşı olduğunu, Nigarın ağır yol qəzası keçirdiyini, hazırlıqlı gəlməyimizi söylədi. Bu sözləri söyləyəndən sonra da telefonu bağladı. Mən elə bildim ki, Nigar ölüb. Çünki adətən, ən yumşaq variantda bu xəbərləri belə deyirlər. Həyat yoldaşım da yanımda idi, indi bu xəbəri ona deyim?!... Həyat yoldaşıma dedim ki, qəza olub, Nigar maşın vurub, polislə mübahisə düşüb, bizi ora çağırdılar. Biz də bilirdik ki, Nigar yeni-yeni maşın sürür.
Hadisə yerinə yollandıq. Yolda da tez-tez mənə zəng açan polisə zəng vururdum. Axır ki, telefonu götürdü, dedi ki, sürücü həlak olub, qız ciddi xəsarətlər alıb, yaxınlıqdakı bir həyətdədir. Qəza Sulutəpə qəsəbəsində olmuşdu, bizim ailə Qaraçuxur qəsəbəsində yaşayır. Gəlib gördük ki, Aydın Acalovun cənazəsini, vurulmuş maşını aparıblar. Nigar da ciddi xəsarət almışdı, şok vəziyyətində idi. Biz onu təcili xəstəxanaya apardıq.

- Nigar qəza baş verən gün evdən nə zaman çıxmışdı?

- Təxminən səhər saat 8 radələrində.

- Aydın Acalovla ailənizin münasibətləri hansı səviyyədə olub?

- Aydın Acalov qohumumuz, həmkəndlimiz, həm də dostum olub, bir partiyanın üzvü idik. Bir ailəli kimi yaxın idik.

- Aydın Acalovun qızınıza maşın sürməyi öyrətməsindən xəbərdar idiniz?

- Aydın Acalov özü bunu mənə təklif etmişdi. Rəhmətlik ABŞ-a getməli idi, 6 aylıq vizası vardı. Aydın Acalov Praqa Beynəlxalq Universitetinin Azərbaycandakı təmsilçisi idi və təmsilçiliyin meneceri də Nigar idi. Onlar Azərbaycandan bu ali məktəbə tələbə qəbulu təşkil edirdilər. Aydın Acalov son günlər etibarnamə ilə lazım olan sənədləri Nigarın adına keçirirdi. Çünki tələbə qəbulu prosesi davam edirdi. İndi bu iş də yarımçıq qalıb, dəhşətlidir, camaatın uşağı necə olacaq?! Avqustun 25-i də axırıncı gün idi, yenə notariusa, ora-bura qaçırdılar. Həmin gün də bu hadisə baş verdi.

- Aydın Acalov ABŞ-a getdikdən sonra maşın Nigarda qalacaqdı? Yəni maşın sürməyi öyrənmək lazım idi?

- Aydın Acalov Nigarın adını sürücülük kursuna yazdırmışdı. Özü də deyirdi ki, Nigarı yavaş-yavaş öyrədəcəm, sürücülük vəsiqəm var. Qanun da sürücülük vəsiqəsi olan şəxsin başqasına maşın sürməyi öyrətməsinə icazə verir. Nigar öyrənmək marağı ilə o maşını sürürdü.

- Hadisə yerinə getdiniz, Nigarı o vəziyyətdə gördünüz. Hansı hissləri keçirdiniz?

- Qəzanın fotoşəkillərini görmüsünüz? Nigarın o maşından sağ çıxması möcüzə idi. Heç kəsi inandırmaq olmaz ki, Nigar o maşından sağ çıxıb. Qız uşağıdır, çoxsaylı xəsarətlər almışdı, şüşə kəsən yerlər də vardı, şokda idi, qorxudan sarsılmışdı. Uzun müddət yuxudan ayılanda qışqırır, ağlayırdı, hər gün yuxugətirici iynələr vurulurdu. Beş-altı gün belə davam etdi, həkim də xüsusi müalicə yazdı. Sonra Nigarın vəziyyəti yavaş-yavaş stabilləşməyə başladı.

- Qəza baş verən vaxt maşını məhz Nigarın sürməsi uzun müddət gizli qalıb. Bunu nə üçün açıqlamırdınız?

- Adi, normal bir şeydir. İstintaq bu işi aparır. İstintaqın vəzifəsi odur ki, hadisənin necə, kimin günahı ucbatından baş verməsini araşdırsın. Məsələn, jurnalist məndən soruşurdu, deyirdim ki, bu işi istintaq araşdırır. Əgər birmənalı olsa idi ki, qəzanı o törədib, istintaqa ehtiyac olmazdı. Təbii ki, qəza olub, fikirlər haçalana bilər. Söz-söhbətin yaranması təbiidir.

- Siz əvvəldən maşını Nigarın sürməsini gizlətdiniz, yoxsa...

- Gizlətmək ona görə ki, bunun istintaqı, məhkəməsi var. Vəkillər, sağlam məntiq deyirdi ki, hadisənin təfərrüatlarını bizim danışmağımıza ehtiyac yoxdur, burada məhkəmə perspektivi var. Məhkəmədə müdafiə işini qurmaq, o cümlədən istintaqın obyektiv getməsi üçün onu yönləndirmək lazım deyil. Elementar məntiq də bunu deyirdi ki, istintaq getsin, işi məhkəməyə təqdim etsin, məhkəmədə hər şey açılacaq, ittiham tərəfi də, müdafiə tərəfi də öz fikirlərini bildirəcəklər. O mənada hələ də istintaq bitməyib, rəsmi olaraq istintaqdan nə çıxacağını bilmək olmaz. Bütün bunlar istintaqın gələcəyi nəticədən, məhkəmənin qərarından sonra bilinəcək.

- Nigar qəza zamanı maşını sürdüyünü siz hadisə yerinə gedəndə dedi, yoxsa evdə?

- Yenə də deyirəm ki, bu, istintaqla bağlı söhbətdir. Burada mənim çəkinəcəyim heç bir şey yoxdur. Artıq Nigar haqqında həbs qəti-imkan tədbiri keçirilib, ifadələr verib. Məsələn, o şok vəziyyətində mənə nə deyib, istintaqa ifadəsində nə deyib, elementar təfərrüatları deyəsi deyiləm. Məsələ kifayət qədər aydındır.

- Nigargil maşınla şəhərdən çıxırmış, yoxsa şəhərə gəlirlərmiş?

- Həmin yerdə yolda qırıq-qırıq xətlər var, sola dönməli imişlər. Ora da həmişə maşının gur axınının olduğu yerdir. Nigar özü mənə dedi ki, əvvəlcə Aydın Acalov dedi ki, sola dönək, sonra gördü ki, maşın çoxdur, dedi ki, qabaqda dairə var, get, oradan qayıdarıq. Elə qırıq-qırıq xətlərin yanında da qəza baş verib. Heç dairəyə gedib çatmayıblar. Yəni oradan sola dönüb qayıtmaq olarmış. Oradan nə isə sənəd götürüblərmiş. Təzə maşın sürməyi öyrənən adamın da oradan dönüb qayıtmağı çətindir.

- Aydın Acalovun bir övladı var. Oğlu ilə qəzadan sonra əlaqə saxladınızmı?

- Oğlu dəfn günü, avqustun 26-da axşam gəldi. Onu da istintaqa çağırmışdılar, rəsmi şəkildə bildirdi ki, şikayəti yoxdur, bu işin xətm olunmasını istəyir. O da, Aydın Acalovun bacıları da Nigarın həbsinə çox üzülürlər.

- Nigarın anası necədir, özünü necə hiss edir?

- Mən bununla öyünmürəm, ancaq deməliyəm ki, bizim ailənin güzəranı o qədər rahat deyil. Tutulma, həbs məsələsi bizim ailənin başına həmişə gəlib. Nigarın heç 4 yaşı yox idi, mən ailəmi qoyub döyüşə getmişəm. Gəlib müxalifətçiliyə başlamışam, bir neçə dəfə həbs olunmuşam. Tutulmağa, cinayət işi açılmasına qarşı elə bil ki, ailəmizdə bir immunitet yaranıb. Qızlar da siyasi cəhətdən fəal idilər, dəfələrlə polis zorakılığına məruz qalıb, polis şöbələrinə aparılmışdılar. Bu, növbəti, daha ağır bir mərhələdir. Deyim ki, bizə təsir etmir... Anasına təsir edir. Ancaq bir var ki sıradan, siyasi proseslərlə maraqlanmayan bir ailədə belə hadisə baş versin, daha dəhşətli təsirləri olardı. Bəyənilməsə də, bizim ailədə belə immunitet artıq formalaşıb.

- Nigarın həbs olunacağını gözləyirdinizmi?

- Azərbaycanın normal praktikası belədir ki, nəinki istintaq dövründə, istintaqdan sonra yol-nəqliyyat hadisəsinə görə kiminsə tutulması çox nadir hallarda olur. Bu, o hallarda ola bilir ki, birincisi, zərərçəkən tərəfin şikayəti olur, ikincisi, məlum olur ki, törətdiyi qəza sırf ehtiyatsızlıqdan olmayıb, o, avtoş, narkoman imiş. Yaxud tutaq ki, Lökbatanda dəhşətli qəza oldu, birdən çox insan həyatını itirdi, avtobus sürücüsü tutuldu. Amma adi hallarda adətən tutulma halları olmur, çünki heç kim istəməz ki, özü də qəzaya düşsün. Sırf ehtiyatsızlıqdan baş verən qəzaya istintaq normal yanaşır, şikayətlər də yoxdursa, mümkün qədər işə xitam verirlər. Dünyada da belədir. İndi vəkillər də maraqlı faktlar hazırlayırlar. Bu, qəsdən törədilmiş hadisə deyil ki?! Ancaq içimdə narahatçılıq var idi. Kiminlə söhbət edirdik, deyirdilər, o qədər də dərinə getməzlər. Amma getdilər...

- Nigargilin maşını hansı maşınla toqquşmuşdu?

- “Kamaz”-la.

- Özünüz də hadisə yerində oldunuz, baxdınız. Günah kimdə idi?

- “Kamaz”-da heç bir günah yoxdur. Mən sizə bir söz deyim. İki maşın toqquşubsa, mütləq günah ya onda, ya bunda deyil. O situasiyada qəzanı doğuran səbəblər var. Biz məhkəmədə gördük ki, qəzanın səbəblərinin araşdırılmasına maraq yoxdur. Elə situasiya yarana bilər ki, Şumaxer də heç nə edə bilməz. Tutaq ki, yolda gedən zaman qarşına uşaq çıxır, nə etməlisən?! Sağa-sola çəkməlisən. Yaxud yolda maşının təkəri partlaya, əyləci xarab ola bilər. Mütləq günahın sürücülərdən birində olduğunu söyləmək düzgün deyil, kənar səbəb ola bilər. Bütün bunlar obyektiv istintaqın araşdıracağı məsələdir. Bu qəzada da xeyli ciddi ipucları var, görək. Bəlkə də əvvəl-axır istintaq daşı ətəyindən töküb bu işin obyektiv araşdırılmasına gedər. İstintaqdan mənim gileyim-zadım da ola bilməzdi, ancaq istintaq həbs-qəti imkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət etdi. Nigar Yaqublu bir dəfə də istintaqdan yayınmayıb. Biz sentyabrın 10-da saat 10-11-dən müstəntiqin yanında oturmuşuq, axşam saat 7-yə qədər. Bu, necə istintaqdan yayına bilər? Axı sən soruşursan, ifadəsini alırsan! Saat 7-dən sonra isə birdən təqdimat yazırsan, gecə saat 11-də məhkəmə olur. Axı həftənin birinci günü də, beşinci günü də yanında olmuşuq, necə istintaqdan yayınma ola bilər? Nigarın şəxsiyyət vəsiqəsi, pasportu müstəntiqdə idi. Nigar hara qaçacaqdı? Özü də o, qız uşağıdır. Dünən də Sumqayıt Apelyasiya Məhkəməsi də həbs-qəti imkan tədbirini saxladı. Orada elə şeylər oldu ki, sadəcə, insan dəhşətə gəlir. İttiham tərəfinin arqumentlərinə, hərəkətlərinə, israrına baxanda adam məəttəl qalır. Nə deyim, Allah canlarını sağ etsin. Güllələmək qərarı çıxarsınlar, güllələsinlər, bununla işləri düzələcək?! İstintaqın bu canfəşanlığını görürəm... İndi sırf prosessual baxımdan deyə bilməyəcəyim şeylər var. Ancaq ağla gəlməyən şeylər olur.
İstərdim ki, istintaq obyektiv olsun. Elədiklərini etdilər. Mən durub yalvarası deyiləm. Hökm əllərində, istintaq əllərində. Baxıb fikirləşsinlər, belə olmaz. Bu işin həm mənəvi, həm hüquqi, həm məsuliyyət tərəfi var. Yenə də ümid edirəm ki, əvvəl-axır kiminsə içərisində nə isə oyanacaq, deyəcək ki, bunu dayandırmaq lazımdır. Mənim itirəcəyim bir şey yoxdur. Hətta iqtidaryönlü deputatlar da danışdılar, bunun düzgün olmadığını dedilər. Bir nümunə tapmaq çətindir ki, ehtiyatsızlıqdan yol qəzasına görə kimisə məhkəməyə görə götürüb həbs edirlər. Məhkəməyə qədər bu insanın işi var, işləri qalıb, həm də ağır stress keçirmiş insandır. Digər tərəfdən, bilirlər ki, istintaq qurtarıb. Bunu istintaq 1 saata araşdırıb qurtara bilər. Burada qaranlıq məqamlar yoxdur. O halda istintaq uzana bilərdi ki, yol qəzasında sürücü qaçıb, şahidlərin ifadələri alınır, axtarırlar. Bu hadisədə isə həyatını itirən itirib, qalan da buradadır, şahidləri də var. Məhkəməyə qədər iki ay bu insan niyə saxlanılsın? Dünən Sumqayıt Apelyasiya Məhkəməsində dedik ki, videogörüntülər olduğunu deyirsiniz, vəkillərə verin. Qəza şəraiti araşdırılmalıdır, baxaq. Sürücü vəsiqəsi olmadan maşın sürmək cinayət deyil. Amma tutaq ki, sürücü vəsiqəsi olub qəza törətmək cinayət deyil. Əsas qəza şəraitinin yaranmasıdır. Uşaq da başa düşür ki, təzə maşın sürməyi öyrənən adam heç bir səbəb olmadan qəfil qarşıdan gələn nəqliyyatın önünə çıxa bilməz, kənardan təsir var. Sözsüz ki, səriştəli sürücü olsa idi, bəlkə də yan təsiri önləyə bilərdi, vəziyyətdən daha yaxşı çıxardı. Nigarın başqa maşının qarşısına çıxmasının mütləq yan səbəbi olub, istintaq isə bu yöndə araşdırma aparmayıb.

- Aydın Acalov bu qəzada həyatını itirib. Qəzadan sonra Aydın Acalovun yaxınları, övladı ilə münasibətlərinizdə nə dəyişdi?

- Son illər Aydın Acalov bacılarından, qohumlarından daha çox mənimlə birgə olurdu. Günaşırı bizdə olurdu. Mən, o, Nigar bərabər partiyaya, işə gedib-gəlirdik. Onlar da bilirlər ki, mən Aydının itkisinə onlardan az üzülmürəm. Kəndçim, qohumum, partiyadaşım, dostumdur. Mən onlara yenə də başsağlığı verirəm. Onlar da qəbul etdilər ki, qəzadır. Aydın bəyin 67 yaşı vardı. Qohumları da deyirlər ki, Aydın Acalov aşağı-yuxarı həyatda xeyli yaşamışdı. Oğlu Rəşad, bacıları hələ Nigar həbs edilməmişdən əvvəl bizə təsəlli verirdilər. Rəşad da Nigarla oturub söhbət etdi, toxtaqlıq verdi. Dedi ki, narahat olma, həyatdır. Rəşad xeyli dərəcədə inanclı adamdır. Deyirdi ki, qəzavü-qədərdir, sənin günahın da yoxdur. Bacılarının da heç bir iddiası yoxdur. Əksinə, hər gün bizə zəng edir, bu işin tezliklə yekunlaşmasını istəyirlər. Hər dəfə də soruşurlar ki, onlardan nə asılıdır, nə etsinlər ki, Nigar azadlığa çıxsın...

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4306

Oxşar yazılar