Biləsuvar peşə liseyinin direktorunun cinayət işi məhkəmədə
13 sentyabr 2012 18:03 (UTC +04:00)

Biləsuvar peşə liseyinin direktorunun cinayət işi məhkəmədə

Biləsuvar peşə liseyində təhsil alan şagirdlərə dövlət tərəfindən ayrılan təqaüdün liseyin direktoru Teymur Poladov tərəfindən mənimsənilməsi barədə Biləsuvar rayon sakininin müraciəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, istintaqla müəyyən edildiyi kimi T.Poladov 2010-cu ilin aprel-sentyabr aylarında liseydə təhsil alan 333 şagirdə dövlət tərəfindən müəyyən olunan 90 min 637 manat məbləğində təqaüdü özündə saxladığı bank kartları vasitəsi ilə çıxararaq talayıb.
İstintaqla həmçinin müəyyən edilib ki, liseyin baş mühasibi Almaz Həşimov T.Poladovun qanunsuz göstərişi əsasında plastik bank kartlarının paylanmasını rəsmiləşdirmək üçün şagirdlərə kartlarını guya almalarına dair sənədlərə imza etdirməklə sonuncunun külli miqdarda pul vəsaitini mənimsəməsinə şərait yaradıb.
T.Poladov və A.Həşimov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308.2-ci maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1427

Oxşar yazılar