“Qadını əməliyyat etdilər, qarnından çiliklənmiş butulka çıxdı” – <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ
14 iyul 2016 12:11 (UTC +04:00)

“Qadını əməliyyat etdilər, qarnından çiliklənmiş butulka çıxdı” – ƏSİR DÜŞƏRGƏSİ

 

(Əvvəli burada: I hissəII hissəIII hissəIV hissəV hissəVI hissəVII hissəVIII hissəIX hissə, X hissə, XI hissə)

 

XII hissə

 

Kəlbəcərin Başlıbel kəndinin sakini Xasay Əmralıyev 23 il sonra xatirələrini Lent.az-a danışır:

 

- Bərdəyə gələndə xəbər tutdum ki, xalamın gəlini Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əlaqə saxlayıb. Artıq anamgil girovluqdan məktub yazıblar...

 

- Sizin haqqınızda nə bilirdilər? Sağ olduğunuzu bilirdilər?

 

- Anamgil elə biliblər ki, ölmüşük... Məktubda da bacısına elə yazıb... Ona görə də xalamgil bizi görəndə heyrətləndilər... Anam məktubunda yazırdı ki, balalarımın hamısını öldürdülər... Gəlinim Nərgiz özünü uşaqlarla qayadan atdı... Bircə Arzu sağ qaldı, o da mənimlə girov düşdü... İndi necəsə anamla əlaqə saxlamalı idik... Xalamgil Bərdənin kəndində yaşayırdı, qaynanamgil isə Bərdənin mərkəzində...

 

- Onlar da Bərdədə yaşayırdılar, yoxsa...

 

- Eyni kənddənik, sadəcə bizdən qabaq çıxa bilmişdilər. Bərdəyə gəlib, şəhərin stadionunda, tribunanın altındakı tikilidə məskunlaşmışdılar. Düşündüm ki, BQXK ilə mütəmadi əlaqə saxlamaq üçün mən də stadionda yaşayım. Yoxsa gündə kənddən gəlmək çətin olacaq. Stadion şəhərin mərkəzində idi, BQXK nümayəndəliyinə gedib-gəlmək rahat idi... O qədər divanə kimi BQXK nümayəndəliyinə gedib-gəlirdim ki... Artıq qısa bir zamanda Bərdədə hamı bizi tanıdı... Bir məqamı danışım, günlərin birində BQXK nümayəndəliyinə gedirəm, körpüdən keçəndə gördüm ayağıma nə isə dirəndi. Baxdım ki, maşın... Maşın ayağıma necə dəyib, hiss eləməmişəm... Sürücü yaşlı kişi idi, endi ki, “Ay bala, məni niyə bədbəxt edirsən?” Dedim dayı, bağışla, vallah, görmədim... Soruşdu ki, hara gedirsən ki, gözün ayağının altını görmür, maşının altına girirsən? Dedim “anam əsirlikdədi, Qırmızı Xaça gedirəm...” Kişi o qədər pis oldu ki, dedi, gəl otur, aparım... Məni maşına əyləşdirib, BQXK-nın Bərdə nümayəndəliyinə apardı. Ofisdə də artıq hamı məni tanıyırdı, növbəsiz buraxırdılar... Tərcüməçi Vaqif müəllim var idi, onun yanına gedir, məktub yazıb verirdim... Soruşurdum nə xəbər var...

 

- BQXK hansı ara ilə görüşürdü ananızgillə?

 

- Elə olurdu ayda iki dəfə gedirdilər, elə olurdu həftədə bir... Həftələr, aylar keçdi. Yerli camaat hərəsi bir şey tapıb gətirmişdi... Üst-üstə yığıb, stadionun geyinmə-soyunma otağnda özümüzə ev düzəltmişdik...

 

- Uşaqlar necə idi?

 

- Şəhriyar yavaş-yavaş sağalırdı, qardaşı ilə stadionda oynayırdılar... Amma hələ də canlarında qorxu qalırdı... Murovdağda o qədər demişdik ki, yola iz salma, kənarla get, ermənilər izimizə düşüb gələrlər... İndi stadionda belə görürdün qorxub analarının üstünə qaçırdılar ki, uşaqlar yolla gedir, iz salacaqlar, ermənilər gələcək...

 

- Stadionda sizdən başqa kim var idi?

 

- Qaynanamgil və biz. Bir də Bakıdan gələn helikopterlər stadiona enirdi... Bir gün stadiona dörd helikopter endi. Yaxınlaşmaq istədim, polislər icazə vermədi ki, Abbas Abbasov ilə Namiq Abbasov gəlib. Mən heç bilmirəm gələn kimdir, bircə onu bilirəm ki, kömək istəyirəm. Necə doldumsa, hönkürüb ağladım. Helikopterdən enən adam səsə dönüb, “o ağlayan kimdirsə, bura gətirin, görək nə istəyir” dedi. Polis məni apardı, əyilib adamın ayaqlarını qucaqladım, tez çiynimdən tutub ayağa qaldırdı. Dedim dörd ay Kəlbəcərdə mühasirədə qalmışam, bütün ailəm şəhid olub, bir anam sağ qalıb, o da əsir düşüb... Anam gəlsə... artıq ölə də bilərəm... daha yaşamasam da olar... Demə, adam o vaxtkı Milli Təhlükəsizlik nazirinin müavini Namiq Abbasov imiş... Köməkçisinə tapşırdı ki, get, bu kişinin ailəsindəki əsirlərin adını yaz gətir. Özümə də ürək-dirək verdi ki, sənə kömək edəcəyəm. Demirəm bu ay, ya gələn ay, amma mütləq ananı gətirdəcəyəm...

 

***

 

Kəlbəcərin Günəşli kənd sakini Cəmilə Quliyeva 23 ildən sonra girovluq xatirələrini Lent.az-ın “Əsir düşərgəsi”nə danışır:

 

Üç bacının yataq otağında üz-üzə oturmuşuq. Onlar və mən. Otağın hər künc-bucağından hiss olunur ki, bu ailədə Kəlbəcər ənənələri qorunub saxlanır. Az qala tavana dirənən yorğan-döşəkdən tutmuş, yastıqların üstündəki saza qədər...

 

Saza baxdığımı görüb, Cəmilə xanım kövrəlir:

 

- Atamındır... Daha çala bilmir... Elə dağları xatırlamaq üçün, Kəlbəcərin bir nişanəsi kimi saxlayır sazını... Görürsünüz, xəstədir... Bir neçə dəfə əməliyyat olunub - mədə yırtığından, başından, prostat vəzindən... Həmişə birtəhər sağaltmışıq, amma son iki ili yataqdan qalxa bilmir, ağır xəstədir...

 

- Hər halda, onun yaşadıqlarından sonra asan deyil... Üstəlik, bu yaşda...

 

- Düzdür... Atam nə zülmlər çəkdi... Gözünün qabağında sinəsinə bala dağı çəkildi. Maşının üstündə böyük kimi atamla Əsgərxan dayı oturmuşdu... Güllə balalarının başına yağış kimi yağdı... Nə olsun 23 il keçib... Kim deyir ki, illər dərdi unutdurur... Əksinə, illər keçdikcə yaramız da dərinləşir, ağrısı-acısı artır... Mənim bu günəcən gözümün qabağından getmir Şahnazın başını iki əlinin arasında tutub dayanmağı... Necə gözəl idi o bacım... İndi də 12 yaşlı qız uşağı görəndə ağlım başımdan çıxır... İslamın... İslamın halı... Bacısı ölmüş... Heç yadımdan çıxmır... Güllə böyründən dəydi, maşının üstündə idi...

 

Göz yaşları davam etməyə qoymur. Validə xanım ağlayaraq, davam edir:

 

- Erməni hərbçisi gəlib qardaşımı yaralı-yaralı döydü ki, niyə aşağı enmirsən, kişi deyilsən? Döyə-döyə maşından aşağı atdı... Yazıq İslam yerə düşəndə böyrünü tutdu ki, “öldüm”... Bacısı ölmüşün yarasından bir az qan çıxsa, bəlkə də yaşayardı... Güllə böyrəyindən dəymişdi, qan da içəri yığılmışdı...

 

Cəmilə: Biz bacılar hər dəfə bunları danışanda ölüb-dirilirik. Bir gün də olsun ailəmizin faciəsi yadımızdan çıxmır. Ona görə də düşünürəm ki, atamın dərdi bizimkindən də ağırdır. Axı o atadır, ailənin böyüyüdür...

 

- Validə xanım Şahnazın ölmədiyini deyir. Deyir ki, onu sonradan görən olub...

 

Validə: Bəli. Şahnazı mənə olduğu kimi təsvir elədilər. Yaşayırdı...

 

- Kim təsvir elədi?

 

- Yerli ermənilərdən biri dedi. Ona yalvardım... yaxardım... Dedim nəyimiz varsa, sənə verəcəyik...

 

- Yerli ermənini harada gördünüz? Əsirlikdə nəyiniz var idi ki, onlara verməyə?

 

- Sonralar, Cəmiləgil dəyişdiriləndən sonra olub bu. BQXK nümayəndəsi dəyişmişdi. Pyer adlı çox yaxşı bir adam idi, əsirlərin qayğısına qalırdı. Pyer gələndən sonra BQXK-nın gətirdiyi ərzaq yardımını əlimizdən almır, özümüzə verirdilər. Hər palataya bir qutu paylayırdılar. Yerli ermənilər də çox aclıq çəkir, kasıb yaşayırdılar. Arada xəstəxananın həyətinə gəlirdilər, o qadını da orada görmüşdüm. Söhbət elədik... Dedi ki, Yerevanda xeyli uşaq var, zirzəmidə saxlayırlar...

 

Cəmilə: Hə, bu söhbət hələ mən orada olanda da danışılırdı. Rayonları işğal etdikcə gəlib deyirdilər filan yeri aldıq. Məsələn, gəlib dedilər “Ağdamı götürdük”. Sonra da dedilər “Ağdamda uşaq bağçasına girdik, böyüklər qaçdı, bütün uşaqları girov götürdük”. Əvvəl inanmadım ki, yəqin bizə təsir etmək istəyirlər, sonra da düşündüm ki, bəlkə düz deyirlər...

 

- 1993-cü ilin iyulunda Ağdamda uşaq bağçaları artıq boşalmışdı. Şəhərin mərkəzində yaşayan qadınları, uşaqları qonşu rayonlara çıxartmışdılar... Kəndlərdə ailələr qalmışdı, amma onların da iyul ayında uşaq bağçasında olmaları inandırıcı deyil...

 

- Bilmirəm, mən qulaq günahkarıyam. Yataq xəstəsi idim, yerimdən qalxa bilmirdim. elə gəlib oturub yanımda danışırdılar, onlardan eşidirdim.

 

Validə: Ağdamda internat olub, dedilər oradan 90-95 uşaq gətirmişik. Özü də dedilər çoxu oğlan uşağıdır, sabah böyüyəndə bizim əsgərimiz olacaqlar. Bir də dəlixanadan adam gətirmişdilər...

 

İlhamə: Yerevandakı zirzəmidə isə minlərlə uşaq olduğunu dedilər... Dedilər guya maşınları vuranda ata-anaları ölüb, uşaqları yığıb aparıblar... Dedilər aralarında elə körpə uşaqlar var ki, heç soruşanda valideyninin adını bilmir...

 

Validə: Bütün bunları eşitmişdik deyə, qadın deyəndə ki, Yerevanda girov uşaqları saxlayırlar, əl-ayağına düşüb yalvardım... Axı Şahnazın öldüyünü gözümüzlə görməmişdik. Necə əlimizi üzərdik? Qadına dedim ki, bizə verilən ərzağın hamısını sənə verəcəyəm, get o uşaqların arasında bacımı axtar... Sonradan o gəlib dedi... Şahnazı təsvir elədi... Bildim ki, sağdır... Amma sonrakı taleyindən xəbərimiz olmadı... Adı bu günə qədər də erməni girovluğunda olan 21 uşağın siyahısındadır – “Quliyeva Şahnaz Məhəmməd qızı - 1981-ci ildə Kəlbəcərdə anadan olub. 31 mart 1993-cü ildə girov götürülüb”. Bacımla bağlı ancaq bu cümlələr yazılıb, deyilib... Özünün isə taleyi necə oldu, başına nələr gəldi... bilmədik...

 

Cəmilə: Bizim ailənin faciəsini danışmaqla bitməz... Çəkiləsi dərd deyil, əsirlikdən qayıdandan sonra neçə dəfə intihar eləmək istədim...

 

- Siz nə vaxt qaytarıldınız?

 

- Ailəmizdə ən az girovluq taleyi yaşayan mənəm. Üç ay yarım... Məndən sonra atam gəlib, sonra bacılarım... Ən axırda qardaşım gəldi...

 

- Sizi tək qaytardılar?

 

- Yox, biz beş nəfər idik. O vaxtlar ATƏM-in, indiki ATƏT-in Dağlıq Qarabağ üzrə nümayəndəsi Mario Rafaelli var idi, italyan idi. Biz onun vasitəçiliyi ilə dəyişdirilmişik. Mən, Əsgərxan dayı və Qaranın uşaqları...

 

- Qaranın uşaqlarından üçünün - Yaşar, Məzahir və Aygünün adı bu günəcən Şahnaz kimi girov siyahısındadır...

 

- Bəli, üçü isə bizimlə gəldi...

 

- Onlar Müşfiqgillə eyni maşında olublar. Onun qohumlarıdır. Girov götürüləndə də Yeganə ilə eyni istiqamətə aparılıblar. Nəsibə, Bəxtiyar...

 

- ...Və Azər. Sağ qalan bu üçü idi. Aramızdan ən ağırları seçdilər. Yazıq Nəsibə böyründən yaralanmışdı. Bakıda xəstəxanada da bir yerdə yatdıq, hələ uzun müddət bağırsaqları çöldə idi... Əsgərxan dayı ayağından yaralanmışdı, o da yeriyə bilmirdi. Mən isə yataqdan qalxa bilmirdim, bacım Validə, əmimqızı Gülcamal qulluq edirdilər. Ümumiyyətlə, adamlarımız hamısı bir-birinə baxır, imkanı çatan qədər qulluq edirdi. Biz palatada altı nəfər idik. Üç bacı, əmim qızı Gülcamal, əmim oğlunun qaynanası Muleylə xala, bir də qonşumuz Ofeliya... Mən gəldim, qaldı beşi... O vaxt dövlət bizim yerimizə erməni girovu verdi... Acından o hala düşmüşdüm ki, quş kimi idim, məni qucaqlarında gətirdilər... Ayağım da ağac kimi qalmışdı, elə bil çubuq idi, qatlanmırdı. Əynimdə isə BQXC-nın verdiyi pambıq parçadan, maviyə çalan paltarım var idi... Qayıdanda şəklimizi çəkmişdilər, nə qədər axtardım ki, sizə göstərəm, tapmadım...

 

- Sizi hara gətirdilər? Harada dəyişdirildiniz?

 

- İyulun 14-də bizi bir helikopterə mindirdilər. İki helikopter idi, birində əsirlər, o birində isə Mario Rafaelli bir neçə nəfərlə. Elə helikopter yenicə havaya qalxmışdı ki, pərindən vurdular... Gördük yavaş-yavaş enir aşağı...

 

- Hansı helikopter? Əsirlər olan, ya...

 

- Mario Rafaelligilin olduğu helikopter. Bizi aparan pilot da aşağı enməyə başladı. İndi dəli olmuşuq. Dedik yəqin bizi aldadıblar, dəyişdirilirsiniz deyib, ümid verib, qaldırıb havadan atacaqlar yerə... Öz-özümüzə deyirik, ay allah, başımıza gələn az idi, indi də tikəmiz ələ gəlməyəcək, dağa-daşa səpələnəcəyik... O haldaydıq ki, sanki yenidən əsir düşürük...

 

- Sizi dəyişdirən komissiyadan yanınızda heç kim yox idi? Heç kimdən nə baş verdiyini öyrənə bilmədiniz?

 

- Yox, bircə pilot idi, o da rus idi. Rus dilində nə qədər yalvardım ki, “nə olub, hara enirik?” O da erməninin tayıdır, cavab da vermir... Orada nə qorxu keçirtdik... Beşimiz də yeriyə bilməyən insanlarıq, qalmışıq məəttəl ki, necə olacağıq... Aşağı baxırıq ki, yerdə nə qədər erməni var... Ürəyimizi yemişdik... Nəhayət, pilot dilləndi ki, o biri helikopter vurulub, geriyə, xəstəxanaya qayıtmalısınız... Beləcə, yenə qayıtdıq Xankəndindəki uşaq xəstəxanasına... Məni palatadan içəri salanda gördüm hələ yatağımı da yığışdırmayıblar... Daha hər yandan ümidimizi üzdük... Bacılarımla, əmim qızı ilə baş-başa verib ağladıq, daha göz yaşımızdan savayı gücümüz nəyə çatırdı ki? Dedik ki, tale bizimlə oyun oynayır... Gecə keçdi, səhəri günü yenə gəldilər, yenə sağollaşdıq... Hər sağollaşanda da kiçik bacım İlhamə arxamızca ağlayıb özünü öldürürdü ki, məni də aparın... Bir az da o körpəyə görə ürəyimiz parçalanırdı...

 

- Yenə beşinizi apardılar?

 

- Hə, yenə mən, Əsgərxan dayı və Qaranın uşaqlarını. Bizi helikopterlə Yerevana gətirdilər... Kəlbəcərin üstündən keçdik...

 

Susur... Onun sükutunda otağı bacısı Validənin hönkürtüsü doldurur.

 

- Bütün yaşadıqlarınızdan sonra doğma torpağın üzərindən keçmək necə hiss idi?

 

- Can verən halımızla səmadan Kəlbəcərə necə həsrətlə baxırdıq... Nə kökdə idik, hərəmiz bir cür yarımcan idik... Sanki aşağıda, o dağların, yaşıllığın arasında xoşbəxt, sağlam halımızı gördük... Bəlkə də onda ilk dəfə Vətənin nə olduğunu başa düşdük. Səssizcə, için-için ağladıq... Heç unutmuram, Əsgərxan dayı... Rəhmətlik... Kaş ki, bir az tez gələ bilərdiniz... Bir neçə həftədir ki, rəhmətə getdi... Özü ilə danışsanız, bunu o başqa cürə izah edərdi... Təsəvvür edin, yaşlı adam, bütün ömrünü o dağlarda yaşamışdı, ömründə Kəlbəcərdən kənara addım atmamışdı... İndi girovluqda başına min oyun gətiriləndən sonra geri qaytarılır... İnsana deyəndə ki, “səni geri qaytarıram”, istər-istəməz səni evinə qaytardıqlarını düşünürsən... Amma indi səni evinin üstündən keçirib aparırlar... Aşağıda hər qarışına bələd olduğun, xoşbəxt günlərinin şahidi olan torpağın var... Sən isə ona sadəcə səmadan baxırsan... Bax, onda... onda başa düşdük ki... əslində... insan... torpaqsız, Vətənsiz heç nədir... Gərəksizdir... Öz-özümüzə gərəksiz olduğumuzu anladıq... Bizim o torpaqlardan, dağlardan, çaylardan kənarda həyatımız olacaqdı, amma o artıq biz olmayacaqdıq... Torpaqdan güc alan adamlar olmayacaqdıq artıq... Ömrünü xəstəxanalarda başa vuran, sonuncu gününü iplə çəkən xəstə adamlar olacaqdıq...

 

***

 

Onları Yerevandan Tiflisə, Tiflisdən isə təyyarə ilə Bakıya yola saldılar. Üst-üstə yaşadıqları faciələr, əzablar, işgəncələr, alçaldılmalar hələ də Bakıya gəldiklərinə inam yaratmırdı. Təyyarədə Bakıya endikləri elan edilsə də, bunun növbəti oyun, alçaldıcı tələ olduğunu düşünürdülər ki, təyyarənin salonuna daxil olan gəncin səsi hamının narahatlığına son qoydu...

 

***

 

- Oğlan saqqallı idi deyə, pilləkənlə təyyarəyə qalxanda Əsgərxan dayı ilə bir-birimizə baxıb, “bu da sonumuz” dedik. Nə ağlımıza gələr ki, oğlan elə Kəlbəcərdəndir... Sən demə, girovları qarşılamağa gəlibmiş... İçəri girən kimi üzünü bizə tutub, “Salam, xoş gəlmisiniz” dedi... Aylar sonra birinin dilindən doğma söz eşitmək, ölümə aparıldığını düşündüyün yerdə sənə öz ləhcənlə “xoş gəlmisiniz” deyilməsi bilirsiniz necə hissdir... Əsgərxan dayı ilə necə hönkürdük... “Bu sözə, bu dilə qurban olaq” dedik... Sonra millət yığıldı başımıza... Beşimizi də birbaşa xəstəxanaya gətirdilər...

 

- Sizi qarşılayanlar arasında ailənizdən, qohumlardan kimsə var idi?

 

- Yox... Biz girovluqda olanda anamla qalan qardaşım camaata qoşulub, nə müsibətlə Murovdağı aşıb, Tərtərə qədər gəliblər... Sonra da qardaşım anamı da götürüb, Ucara gəlib. Mənim əsirlikdən qayıtmağımı da Ucarda televizora baxanda eşidib bilmişdilər. Gəldilər yanıma... Nə bilim... Deyiləsi deyil... Əmimi xatırlayıram... Necə başına döyürdü... Elə deyib ağlayırdı ki, “Qırmızı Xaç” nümayəndəliyi yarananda sevindin, demə özün üçün sevinirmişsən... Bilirsiniz, 1992-ci ilin martında Azərbaycanda BQXK-nın nümayəndəliyi yaradılanda bu haqda xəbərlərdə məlumat verdilər. Mən sevinib, əl çaldım. Əmim dedi niyə sevinirsən? Onlar gəlib neyləyəcəklər ki? Artıq Xocalı faciəsi baş vermişdi... Başa saldım ki, əmi, indi müharibədə bizimkilər əsir düşəndə, “Qırmızı Xaç” onların qaytarılmasına kömək edəcək... Vasitəçi olacaq... Əmim o vaxtdan sonra bir də indi, biz əsir düşəndən sonra eşitmişdi BQXK haqqında... Biz məktub yazırdıq axı... “Qırmızı Xaç Məktubu”... Əmim xəstəxanada durmadan bunu danışır, başına döyüb ağlayırdı...

 

- Vəziyyətiniz necə idi? Həkimlər nə dedi?

 

- Sağ ayağım 14 sm. qısalmışdı... Çox gənc idim, sağlamlığımı, duruşumu, yerişimi itirmişdim... Güzgüdə özümə baxanda dəhşətə gəlirdim. Ombam sanki kənardan gəlib bədənimə bitişirdi... Gözüm dörd tərəfi axtarırdı ki, hansı üsulla intihar edə bilərəm... Həkim məni dırnağımdan saçıma qədər yoxladı. Özü də tapşırdı ki, “narahat olma, özünlə xəstəlik gətirə bilərsən deyə yoxlayırıq”. Sonra gəlib yanımda oturdu. Başladı söhbət eləməyə, dedi ki, “Heç nəyin yoxdur! Sağlamsan, analizlərin təmiz çıxıb. Amma bircə fikir eləmə! Başın pozular, deyərlər erməni nə etmişdisə, havalandı, özü-özünü bağışlaya bilmədi... Bilirəm, dərdin çəkiləsi deyil, başın pozula bilər. Amma uşaq da deyilsən, gənc qadınsan, çalış, özünü ələ al”. Yenə də açıq pəncərə axtarırdım ki, özümü atım yerə...

 

- Artıq sərbəst gəzə bilirdiniz?

 

- Xəstəxananın içində çəliklə gəzirdim. Amma bir tərəfim əyri, domba idi. Növbəti əməliyyatdan sonra bədənim insan bədəninin ölçülərinə qayıtdı. Yoxsa... Çox çətin idi, yemək yeyə bilmirdim, boğazımdan keçmirdi ki, atamgil girovluqda aclıq çəkir... Hara baxsam da, intihardan başqa yol görmürdüm... Bir dəfə imkan tapıb özümü pəncərədən aşağı atmaq istəyəndə, adamlar qəfil haradan çıxdı, bilmədim, amma tutub saxladılar. Sonradan bildim ki, həkim məni nəzarət altında saxlayır... Özümə qəsd etməyim deyə, daima arxamca adam gəzir. Amma ətrafda baş verən hər şey məni ölümə sürükləyirdi. Bir dəfə həkim otağa gəlib dirəndi ki, düşürdün hava alsın. Düşdüm. Qapalı otaqda otursam, ondan yaxşı idi... Yaşıllığa baxdım... İlahi, mən haradayam, ailəm əsirdir... Atam Şuşa türməsində nə zillət çəkir, mən hava alıram? Halım elə oldu ki, qolumdan tutmasalar yıxılacaqdım. Həmin gün qulaqlarım batdı, gözlərim də tutuldu... Bir anın içində qurşaqdan yuxarımı hiss etmədim. Tez məni geriyə, palataya qaytardılar. Bütün həkimlər yığıldı başıma... Səslərini zorla, lap uzaqdan eşidir, hər şeyi dumanlı görürdüm. Həkimlər yoxlayıb dedi ki, başı pozulur... Bir ay da ona qarşı müalicə etdilər... Çox əziyyət çəkdim... Nə qədər müalicə etsələr də, bir damcı su səsi eşidən kimi yenə Kəlbəcər yadıma düşür, hər şey təkrarlanırdı... Amma həkimlər sağ olsunlar, çox yaxşı baxırdılar mənə. Əllərindən gələni etdilər, ağlımı itirməyimə imkan vermədilər. Ayağıma görə uzun illər xəstəxanalarda yatmışam. 8 il tamamən yataq xəstəsi olmuşam...

 

- Sizinlə gələnlərin vəziyyəti necə idi?

 

- Əsgərxan dayının bir ayağında sinirlər, damarlar kəsilmişdi, ayağı sallanırdı... Həkimlər dedi xilas eləmək mümkün deyil, kəsdilər... Nəsibə isə... Yazıq qız, o da çox əziyyət çəkirdi... Güllə böyründən dəymişdi. Yoğun bağırsağı yaranın yerindən çölə çıxmışdı... O halı ilə yenə də çalışırdı mənə kömək eləsin, qolumdan tuturdu... Çox əl atıb mənə, Allah köməyi olsun... Bir də bir ağdamlı ailə var idi, onlar mənə çox yaxşı qulluq edir, hətta çimizdirirdilər də...

 

- Onlar kim idi?

 

- Uşaqları əsirlikdən qayıtmışdı. Mən xəstəxanada olanda bir neçə nəfər də dəyişdirilib, hərbi hospitala gətirilmişdi. Ağdam işğal ediləndə tutmuşdular onları, Xankəndidəki uşaq xəstəxanasına aparmışdılar. Mən tanımırdım, amma onlar bizimkiləri yaxşı tanıyırdı. Hələ mənə Validəgildən məktub da gətirmişdilər. BQXK məktubunda elə artıq bir söz yaza bilmirdik axı. Elə çalışırdıq ki, üstüörtülü bildirək ki, namusumuza toxunmayıblar... Artıq nə yazsaq, pozurdular...

 

- Bunu “üstüörtülü” necə bəlli edirdiniz?

 

- Yazırdıq ki, “nigaran qalmayın, yaxşıyıq, evdəki kimiyik”. Belə başa salmağa çalışırdıq... Amma girovla gizli göndərilən məktub daha böyük, daha əhatəli olur.

 

- Girovla neçə məktub göndərilmişdi?

 

- Cəmi bir məktub gəlmişdi. Ağdamlı əsirlərdən göndərilmişdi.

 

- Ağdamlı əsirlərdən kimlər yadınızda qalıb? Adlarını çəkə bilərsiniz?

 

- Məktub gətirənləri deyə bilmərəm. Amma üç yaşlı bir uşaq var idi, adı Şövqi idi...

 

- Əliyev Şövqi Xəqani oğlu?

 

- Hə, hə, o uşaq...

 

- Onu aylardır axtarıram...

 

- O vaxtdan heç əlaqə saxlamadıq. Çox yaxşı ailə idilər. Uşağı tək qaytarmışdılar, atasını isə saxlamışdılar. Uşağın yanında anası ilə nənəsi qalırdı. Allah razı olsun, mənə çox kömək edirdilər. Bir gəlinləri var idi, dəfələrlə məni çimizdirmişdi... Ümumiyyətlə, o vaxt dəyişdirilən əsirləri əsasən hərbi hospitala gətirirdilər. Allah, elə halda olurdular ki, həkim gəlib mənə deyirdi ki, bax, öz vəziyyətinə şükür elə. Birini əməliyyat edəndə həkim açıb qadının bətnini necə görmüşdüsə, elə ürəyi əməliyyat masasında dayanmışdı... Qadının qarnında çilik-çilik olmuş butulka var imiş... Bədəndə kəsik yox idi, butulkanı içəri salıb, sonra qadını döyə-döyə butulkanı sındırıblar... Şüşə yazıq qadının içini doğramışdı...

 

(Davamı olacaq...)

 

XIII hissədə:

 

- Hərbçi məni buraxıb dedi ki, get, ikinci post sizinkilərdi. O posta çatan kimi səni qarşılayacaqlar.

 

- Atasına dedi ki, qorxma, qızın mənim qızlarımla bir yerdədir. Heç kəsin ona əli dəyməyib. Qayıdan kimi də, onu oğlumla evləndirəcəyəm.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8560
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar