Rusiya paytaxtında XXVII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Sərgi Mərkəzində keçirilən sərgi yarmarkada 63 dövlətin nəşriyyat-poliqrafiya müəssisələri, kitab sənəti ilə məşğul olan təşkilatları iştirak ediblər. 1987-ci ildən etibarən hər il keçirilən və dünyanın ən nüfuzlu sərgilərindən biri olan Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 200 mindən çox kitab nümayiş olunub.Nəzərə alsaq ki, Rusiya dünyada əhalinin kitab oxuma səviyyəsinə görə ilk yeri tutur, o zaman bu sərgiyə nə qədər marağın olduğunu təsəvvür etmək mümkündür. Paytaxt Moskvadan və Rusiyanın digər regionlarından ildə bir dəfə keçirilə bu sərgidə iştirak etmək üçün gələnlərin ardı-arası kəsilmir.
Unikallığı ilə seçilən Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında kitablardan əlavə maraqlı jurnallar, son dövrün ictimai-siyasi mənzərəsini əks etdirən foto və illüstrasiyalar da nümayiş olunub. Rusiyalı rəssam Andrey Budayev "Oborona 2014", "Qoloya pravda 2015" təqvim jurnalları sərgiyə gələnlərin böyük marağına səbəb olub. Rəssamın yaratdığı "Qoloya pravda 2015" təqvim jurnalında yer alan fotoillüstrasiyalar Ukrayna böhranına həsr olunub. Ukrayna böhranına görə Qərblə Rusiya arasında yaşanan qarşıdurma fotoillüstrasiyaların əsas mövzusu olub. A. Budayev Rusiya və Qərb siyasətçilərini müxtəlif janrlarda təqdim edib.
Nüfuzlu sərgidə Azərbaycan da təmsil olunub. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin məsləhətçisi Faiq Xudanlı APA-ya bildirib ki, bu ilki sərgidə Azərbaycan 500-ə yaxın adda kitab nümayiş etdirir: "Nümayiş olunan kitablar əsasən Azərbaycanın dövlətçiliyinə, kitab sənətinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağ probleminə, "Xocalı" soyqırımına həsr olunublar".Nazirlik nümayəndəsi milli stendə “Bakı-2015” Birinci Avropa Oyunları ilə bağlı reklam vasitələri yerləşdirildiyini, beynəlxalq tədbir haqqında informasiyaların əks etdirildiyi broşür və bukletlər paylanıldığını da söyləyib.
Azərbaycanın milli stendinə rusiyalı oxucuların marağı böyük olub. Bunu sərgidə apardığımız müşahidələrə əsasən demək mümkündür. Əsasən sərgiyə gələnlər Azərbaycanın turizm imkanları ilə maraqlanıblar. Onlar ölkəmizin turizm imkanları əks olunmuş kitab və büroşurlərə böyük maraq göstəriblər. Sərgidə maraqlı məqamlardan biri də İran İslam Respublikasının stendində Azərbaycan dilində, latın əlifbası ilə kitabların nümayiş etdirilməsi olub. İran stendində Azərbaycan dilində yazılan kitablar əsasən dini ədəbiyyat nümunələri olub.
Qeyd edək ki, XXVII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 7-dək davam edəcək. Sərgi iştirakçıları Rusiya, Polşa, Serbiya, Latviya, Özbəkistan, Sloveniya, Makedoniya və digər ölkələrin müasir yazıçıları ilə görüşmək imkanı qazanacaqlar. Oxucular Rusiyanın müasir yazıçılarından Boris Akunin, Tatyana Tolstaya, Yuna Morits, Lev Anninskiy, Edvard Radzinski, Zaxar Prilepin, Yevgeni Vodolazkin, Dmitri Qluxovski, Vladimir Voynoviç və digərlərləri ilə görüşə biləcəklər.
Sərgi çərçivəsində MDB Dövlətləri arasında "Kitab İncəsənəti" Beynəlxalq Müsabiqənin laureatları da mükafatlandırılacaqlar. Azərbaycandan müsabiqənin "elm və təhsil" nominasiyası üzrə Rəna Əfəndizadənin "Memar Rəhim Seyfullayev" kitabı, "qran-pri" nominasiyası üzrə yazıçı Elçin Əfəndiyevin "Nədir ömrün mənası" kitabı, art-kitab nominasiyası üzrə isə rəssam Tahir Salahovun kitabları qalib elan olunublar.