Türkiyənin tanınmış sənətçisi Muazzez Özdemir 82 yaşında dünyasını dəyişib. Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, məşhur aktrisa bir neçə gün əvvəl dünyasını dəyişsə də, onun ölməsindən heç kimin xəbəri olmayıb. Ərazidə yaşayanlar ətrafda xoşagəlməz qoxunun gəldiyi barədə polisə müraciət edib və araşdırmadan sonra məlum olub ki, iy M.Özdemirin yaşadığı mənzildən gəlir. Onlar məşhur aktrisanı səsləyiblər, cavab verməyincə qapını sındıraraq mənzilə daxil olublar. Bu zaman evdə Muazzez Özdemirin cəsədini görüblər. Araşdırmadan sonra məlum olub ki, aktrisa təxminən 1 həftədir ki, dünyasını dəyişib.
Qonşuları aktrisanın son dövrlər yoxsulluq şəraitində yaşadığını söyləyiblər. Qonşusu M.Özdəmir barəsində bu sözləri deyib: “Mən Muazzesi otuz iki ildən artıqdır ki, tanıyırdım. Məşhur filmlərdə rol alıb. Hətta bu barədə xatirələrini mənə danışardı. Dörd-beş övladı var. Amma heç biri ona baxmırdılar. Fərqli bir həyatı var idi. Sosial yardım sayəsində yaşayırdı. Amma həqiqətən son dövrlər çox pis günlər keçirirdi”.
Xatırladaq ki, aktrisa M.Özdemir “Hayalimdeki sevimli”, “Mələklər şahidimdir”, “Övladlığa Hasretim”, “Əsir Quş” kimi filmlərdə rol alıb.