ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar çəkmək niyyətini təsdiqləyib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu D.Tramp Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bəyan edib.
“Mən gözləmək istəmirəm. Bir il və yaxud il yarım. Divarın tikintisinə tezliklə başlanılacaq. Meksikanı ABŞ-dan istifadə etdiyinə görə qınamıram. Meksika xalqını sevirəm, bir çox meksikalı mənim şirkətlərimdə çalışıb, onların hamısı gözəl insanlardır”, deyə D.Tramp bildirib.
Qeyd edək ki, noyabrda D.Tramp üç milyonadək qeyri-qanuni mühacirin ABŞ-dan deportasiya ediləcəyini bəyan etmişdi, mühacirlərin qarşısının alınması üçün isə ABŞ-Meksika sərhədində divar çəkilməsinin zəruriliyini vurğulamışdı.