ABŞ prezidenti Donald Tramp və Danimarkanın baş naziri Lars Lökke Rasmussen Baltik dənizi və Arktikada təhlükəsizliyin təmin edilməsi məqsədi ilə müttəfiqlər və tərəfdaşlarla birgə addımların atılmasına dair razılığa gəliblər.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Vaşinqtonda keçirilən danışıqların yekunlarına dair Ağ Evin açıqlamasında bildirilir.
Tərəflər NATO-nun XXI əsrin təhdidlərini dəf etmək iqtidarında olmasına inandıqlarını bildiriblər. Tramp Danimarkanı müdafiə xərclərini ölkə ÜDM-nin 2 faizi səviyyəsinədək artırmağa çağırıb. NATO ölkələri bir müddət əvvəl müvafiq razılığa gəliblər. Baş nazir ölkəsinin gələcəkdə müdafiə xərclərini artırmaqda maraqlı olduğunu təsdiqləyib.
Tramp və Rasmussen həmçinin Əfqanıstandakı vəziyyəti və İŞİD-lə mübarizəyə dair məsələləri müzakirə ediblər.