Türkiyədə keçirilmiş rüşvət və korrupsiya əməliyyatı çərçivəsində həbs edilən iş adamı Rza Zərrabın prokurorluqda verdiyi ifadəni mətbuat yayıb. Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, ifadədə Zərrab ona qarşı olan iddiaları rədd edib və xəstə olduğunu bildirib.
“Hər gün bir ton qızıl ixrac edirdim”
2012-ci ildə təxminən 20 milyard türk lirəsi məbləğində qızıl ixrac etdim. Əslində işim qızıl ticarəti ilə məşğul olmaqdır. Bir müştərimiz mənə telefon açdı. Qanadan Türkiyəyə 1,5 ton qızıl göndərə biləcəyini dedi. Əvvəlcə mən bunu mümkün saymadım. Ancaq güvəndiyim müştəri olduğundan təklifi qəbul etdim. Bu gün biri “Duru Döviz” adlı iş yerinin mənə aid olduğunu sölyədi. Bəli, buranın mülkiyyəti mənə aiddir. Həmin şirkət isə orada kirayəçidir. Mən də müştərimi “Duru Döviz”ə yönləndirdim. Çünki “Duru Döviz”in qızıl idxal əməliyyatı aparmaq icazəsi var, qızıl birjasında qeydiyyatdadır. Mənə sənədlərin hazır olduğunu deyəndə müştərimi xəbərdar etdim. Onun Adı B.Z.-dir. Mən hər gün bir ton qızıl ixrac edirəm.
“Qaçaqmalçılıqla məşğul olmadım”
ULS hava yolları ilə bu qızıllar Türkiyəyə gəldi. Çindəki işlərimi idarə edən Rüçhan bəy sənədlərdə çatışmazlıq olduğu dedi. O, həmin vaxt Türkiyəyə gəlmişdi. Bizim qızıl ixracı işimizlə maraqlandığı üçün bu məsələnin həllini ona tapşırdım. O da bunu araşdırdıqdan sonra qayimələrin və bəzi sənədlərin çatışmadığını öyrəndi. Bir az sonra mənimlə əlaqə saxladılar. Sənədlər Qanadan tam göndərilməmişdi. “ULS” karqo şirkəti sənədləri gətirməmişdi, təyyarədəki yük də “qiymətli metal” əvəzinə “dəyərsiz metal” kimi göstərilmişdi. “Duru Döviz”dən notariusla təsdiqlənmiş sənəd istənildi, onlar da bu sənədə alıb verdilər. Qızıl ixracında Əlavə Dəyər Vergisi yoxdur. Belə olan halda qaçaqmalçılıq necə ola bilər?
2013-cü ilin iyulunadək qızıl ticarəti ilə məşğul olmaq sərbəst idi. ABŞ-ın qoyduğu embarqoya görə, bu ticarəti iyuldan «Halkbank»la həll etməyə başladıq. Biz bunu ərzaq ticarəti yolu ilə edirdik. Bütün işlərimiz qanuna uyğun olub. Heç bir saxtakarlıq etməmişik.
Mən təyyarədəki qızılın geri göndərilməsi üçün də kiməsə pul verməmişəm. Nazir Çağlayana zəng edib, vəziyyəti izah elədim. Bu məsələdə mənə yardım edə bilib-bilməyəcəyini soruşdum. O da bu işlə bağlı kömək etmədi.
“Türkiyə vətəndaşıyam”
1986-cı ildən Türkiyədəyəm. 2006 və ya 2007-ci ildən Türkiyə vətəndaşıyam. Yeznəm və bacım da Türkiyə vətəndaşlarıdır. Yalnız böyük qardaşım Türkiyə vətəndaşı deyildi. Mən bunun üçün daxili işlər naziri Müəmmar bəydən məsləhət istədim. O da mənə qanuni yolları izah etdi. Qardaşım da qanuni şəkildə Türkiyə vətəndaşı oldu. Bunun üçün hansısa maddi qarşılıqdan söhbət gedə bilməz. Bu vətəndaşlığı almaq qanunda göstərilən vaxtdan da çox çəkdi. Çünki bu məsələni Nazirlər Kabinetinin bütün üzvlərinin təsdiqləməsi, sonda isə baş nazir və prezidentin imzaları ilə təsdiq etmələri lazımdır.
“Rüşvət istəyən polis rəisi hələ də işləyir”
Bir polis rəisi məni hədələdi. Bu O.İ.dir. Məndən bir milyon dollar pul istədi. Gayrettepe polis idarəsinə gedib, məndən rüşvət istənildiyini dedim, amma şikayətimə baxan olmadı. Hətta bu günədək həmin adam işləyir və mən buna heyrət edirəm.
““Yeni Şafak” məndən bir milyon istədi”
Mən təqib olunur və hədələnirdim. Buna görə İstanbul valiliyinə müraciət edib, təhlükəsizliyimin təmin olunmasını istədim. Elə həmin vaxtlarda “Yeni Şafak” qəzetindən mənə zəng etdilər. İranla 87 milyard avro dəyərində ixrac əməliyyatı apardığımı və çirkli pulları yuduğumu dedilər. Bu məsələyə şərh verməyəcəyimi, buna vəkillərimin cavablandıracağını söylədim.
Vəkil H.K. mənə xəbərin mətnini gətirdi. O, «Yeni Şafak» qəzetində iqtisadiyyat yazarının xəbəri hazırladığını, 1 milyon dollar verməyəcəyim halda xəbərin yayılacağını dedi. Bununla bağlı məndə səs yazısı da var. Məhkəməyə təqdim edə bilərəm. Telefon danışıqları da var. Müsadirə edılən cib telefonumda bu qeydlər mövcuddur, araşdırıla bilər.
Bu məsələnin də arxasında həmin polis rəisi dayanır. Bunların hamısının lent yazısı var. O polis “Yeni Şafak”a da, “Bu gün”ə də danışıb. Ankaraya gedib, yazılarla bağlı nazir Mehmet Şimşəklə görüşdüm. O da mənə daxili işlər naziri Müəmmar Gülərlə görüşməyi məsləhət bildi, mən də belə etdim. Səs yazısını daxili işlər nazirinə dinlətdirdim. Bununla bağlı şikayət etdim, sonra nələr olduğunu bilmirəm.
Mənə göndərilən xəbərin və səs yazısının bir surətini də Egemən Bağışa verdim.
“Müəmmər Gülərə pul verməmişəm”
Mən işlərimin asanlaşması üçün heç kimə pul verməmişəm. Bu ittihamı qəbul etmirəm. Çünki Çindəki şirkətlər mənə aid deyil. Mən sadəcə olaraq, Çindəki şirkətlərin müştərisiyəm. Oradakı işlərimə nəzarət etmək üçün Rüchan Bayarı göndərdim. Özü də oradakı işlərdən pul qazanır. Mən nə Müəmmər Gülərə, nə də oğlu Barış Gülərə pul vermişəm. Rüchan bəy orda işləri ilə bağlı qazancından mənə 200 min dollar göndərib. Bunların da hamısı lent yazılarında var. Həmin pulu Barış Gülərə vermişəm, çünki Rüchan bəyin Barışa borcu var idi. Daha öncə o, bu məsələ ilə bağlı mənimlə danışmışdı. Mən onların hər ikisi ilə danışıb, Rüchan bəyin Barışa olan borcunu hissə-hissə ödəməsini məsləhət görmüşəm, bu, telefon danışıqlarında da var.
İranın Türkiyədəki ehtiyat qızıl resurslarının ixracı üçün «Hallbanka»dakı İran pulunun 0,05 fazinin Zəfər Çağlayana rüşvət kimi verməyimlə bağlı iddiaları da qəbul etmirəm. Biz sadəcə olaraq, «Halkbanka»ın rəsmi faizini ödəyirdik. Əslində Zəfər Çağlayanın «Halkbanka»la əlaqəsi yoxdur. Bütün banklar nazir Əli Babacana bağlıdır. Bu məsələ ilə bağlı kiməsə rüşvət verməmişəm. Qida və dərman ticarəti ilə bağlı da heç kimə rüşvət verməmişəm. Məndən başqa bir adam da bu işi görürdü. Sadəcə, «Halkbanka»ın rəsmi faizi var.
«Halkbanka»da araşdırma aparsanız İranla məndən çox qida və dərman ticarəti edən şirkətlərin olduğunu görəcəksiniz. Bu mənə verilən hər hansı imtiyaz deyil.
“Telefonlarım müsadirə olundu”
Mənim üç telefonumu prokurorluq müsadirə edib. Evimdəki axtarış zamanı başqa bir telefon da tapılmadı. O telefonlardakı danışıqlarım araşdırıla bilər. Mən Onur bəyi heç vaxt katibim kimi istifadə etməmişəm. Buna cürətim çatmaz. O, iqtisadiyyat nazirinin katibidir. Sadəcə, nazirlə görüş üçün vaxt almaq məqsədilə onunla danışmışam.
“Çağlayan evimdə pianonu gördü”
Zəfər Çağlayan bir dəfə bizim evə gəlmişdi. Evdə yeni aldığımız pianonu görüncə maraqlandı. Mən ona Ümid bəyin telefonunu verdim. Çünki pianonun yerini mənə o demişdi. Pianonun pulunu da özü verib. Mən Çağlayan üçün piano almamışam.
“Xərçəng xəstəsiyəm”
Böyrəyimdə şiş var. Xərçəng tapılıb. Ötən 4 gündə təcridxanada yoxlatdırdım. 4 gündə bir santimert böyüdüyü müəyyənləşdi. Buna təcili müdaxilə etdirməyim lazımdır. Bununla bağlı bütün hesabatlarım var. Təcridxanada da diaqnoz qoyuldu.
“Yeni Şafak”ın reaksiyası gecikmədi
“Yeni Şafak” qəzeti isə Zərrabın iddialarını rədd edən açıqlama yayıb. Lent.az-ın xəbərinə görə, qəzet iqtisadiyyat şöbəsinin müdiri Yaqub Kocaman R. Zərrabla danışdığını və bu danışığı qeyd etdiyini bildirib. Qəzet səs yazısını istintaqa təqdim etməyə hazır olduğunu açıqlayıb.
Y. Kocaman R. Zərrabla danışığının səs yazısını yayaraq, onunla bir dəfədən başqa danışmadığını da bildirib.
“Yeni Şafak” qəzetlə bağlı iddiaları onların mövqeyi olmadan yayan media orqanlarına qarşı hüquqi addımlar atacağını da açıqlayıb.