"Tbilisidə səsləndirilən bəyanatlar danışıqların əhval-ruhiyyəsinə mənfi təsir edib".
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Gürcüstan rəsmiləri ilə keçirdiyi növbəti Cenevrə görüşü haqqında danışarkən bildirib. O qeyd edib ki, müzakirələr 20-21 iyun tarixlərində Tbilisidə baş verən hadisələrin fonunda gərgin keçib.
"Biz razılaşdıq ki, bu məsələ Cenevrə danışıqlarının mövzusu deyil və gündəlikdəki cari məsələlər üzrə işlədik. Biz təhlükəsizlik və humanitar məsələlər, regiondakı vəziyyət, güc tətbiq etməmək kimi məsələləri müzakirə etdik. Bütün gündəliyi müzakirə etdik, amma əsas məsələ - regionların statusu, Cənubi Osetiya və Abxaziyada insan hüquqları kimi məsələləri həll etmədik. Bu məsələlər müzakirə edildiyi zaman gərginlik artır", - deyə Q.Karasin vurğulayıb.
Nazir müavini qeyd edib ki, görüşdə Tbilisidəki mövcud vəziyyət birbaşa müzakirə edilməyib. Amma nümayişlərdə səsləndirilən bəyanatlar, eləcə də Gürcüstan prezidenti Salome Zurabişvilinin fikirləri danışıqların əhval-ruhiyyəsinə mənfi təsir edib.