1-ci yazı
Zaman - 2011-ci ilin dekabrı.
Məkan - Bakı şəhəri.
İmamverdiyevlər ailəsinin üzvləri qəfil zəngdən diksinirlər. Danışıq çox qısa olur. “Mama, ağlama, inşallah yaxşı olar, mənim üçün dua elə”.
Ana zəngdən və gizli nömrədən çaş-baş qalır...
***
Zaman - 22 yanvar 2013-cü il.
Məkan - İslamabad, “Serena” oteli.
“Orada keçmiş SSRİ-dən əsasən çeçenlər, dağıstanlılar və özbəklər döyüşür. Azərbaycandan olanlar isə azdır”. Bunu mənə Pakistanın sabiq daxili işlər naziri, senator Şahzad Vasim Xan deyir. Və gülümsəyib ayrılır…
“Hara gedirsən?! Ora heç NATO gedə bilmir...”
Gecə oteldə hesablayıram; təxminən 400-450 km-lik yoldur. Səhər mənə qəti şəkildə xəbərdarlıq edirlər: “Mümkün deyil!”
- Axı necə mümkün olmasın? İslamabaddan ora, Miranşaha avtobus işləmir? Təyyarə uçmur?
- Təyyarə dəqiq uçmur. Avtobus isə işləyir. Amma avtobus səni ancaq sərhədə kimi aparacaq. Oradan o tərəfdə Pakistan qanunları işləmir. Oralar heç kimə tabe olmayan tayfaların, tayfa başçılarının nəzarətindədir.
- Məncə, nə yollasa keçib getmək olar.
- Səncə? Sən NATO-nun girə bilmədiyi yerə girmək istəyirsən?
***
Zaman - 2007-ci ilin oktyabrı…
Məkan - Miranşah şəhərinin 40 kilometrliyi...
Pakistan ordusu illərdir nəzarət altına ala bilmədiyi bu yerlərdə hərbi əməliyyat aparır. Amma… Amma təpədən-dırnağacan silahlanmış yerli tayfalarla amansız döyüşlərin getdiyi bir vaxtda məlum olur ki… bütün ölkəni terror bürüyüb; Kəraçidən Lahora, İslamabaddan Peşəvərə qədər hər yerdə, hara gəldi partladılır. Və iş elə gətirir ki, prezident Pərviz Müşərrəfin özünə qarşı belə sui-qəsd düzənlənir. Müşərrəf, hə, bir qədər əvvəl 45 minlik orduyla o əraziyə girmək istəyən, “heç bir kompromisdən söhbət gedə bilməz, “Taliban” məhv ediləcək” deyə bəyanatlar verən Pakistan prezidenti Pərviz Müşərrəf sözünü geri götürür. Ordu, yüzlərlə əsgər və zabit itirən ordu tayfa başçılarına barışıq təklif edir. Hətta orada şəriət qanun və qaydalarının tətbiq edilməsinə belə razılıq verməyə məcbur olur.
Buralara NATO belə ayaq basmır
Ərazisi təxminən Naxçıvan Muxtar Respublikasının ərazisi qədərdir; 5100 kv.km. Şimali Vəziristan və ya Utmanzay adlanan bu ərazidə hələ də tayfa birliklərinin hakimiyyətidir. Əraziyə Vəziristan adı səbəbsiz verilməyib. Çünki tarixən buralarda, Dərviş-Hellər, başqa cür desək, vəzirilər adlanan iri tayfa birlikləri hökm yiyəsi olublar.
1893-cü ildən bəri, düz 120 ildir ki, vaxtı ilə ingilis müstəmləkəsi olmuş Vəziristandan ingilislər də əllərini çəkiblər. Səbəbi isə çox sadə; hələ heç kim dünyanın xəritəsində nöqtə kimi görünən bu ərazilərdə hökmran ola bilməyib.
Buranın öz qaydaları, öz qanunları var. 2006-dan “Vəziristan Əmirliyi” elan edilmiş Şimali Vəziristanın formal rəhbəri əmir əl-mömin titullu Molla Ömərdir. ABŞ-ın Əfqanıstana müdaxiləsindən sonra isə bu ölkədən vurulub çıxarılmış əksər “taliblər” indi burada məskunlaşıblar. Maraqlı bir fakt; bir vaxtlar “taliblər”in buradakı əsas rəqibi Zadran Xan adlı quldurbaşı olub. Zadran Xan bütün Şimali Vəziristanı qorxu içində saxlayır, ən xırda ticarətçidən belə bac alırmış. Xana bac verməyənlər isə yerindəcə güllələnirmiş. Onun silahlı dəstəsində minlərlə quldur birləşibmiş. Şimali Vəziristanda əsas narkotik dövriyyəsi də onun nəzarətində imiş. Məhz Zadran Xana qarşı birləşən “Taliban” qruplaşmaları sonda onu məhv edə bilirlər və yerli camaatın gözü qabağında, Miranşah şəhərinin mərkəzi bazarında onun onlarla tərəfdarını dar ağacından asırlar. İndi Şimali Vəziristanda Zadran kimi “bespredellər” olmasa da, amma hakimi-mütləq olan “taliblər”in qoyduğu şəriət qanunlarının ucbatından bu yerlər hələ də sivilizasiyanın elementar qaydalarından uzaqdırlar. İkicə misal: burada qadınların və qız uşaqlarının həkimə getməsi yasaqdır, peyvənd dinə zidd sayılır. Üz, saç qırxdırmağın nəticəsi isə dar ağacıdır.
Artıq neçə vaxtdır ki, Şimali Vəziristan nəinki Pakistan, ümumiyyətlə, bütün dünya üçün “başağrısı” hesab edilir. Ərazicə Pakistana aid olsa da, rəsmi İslamabadla Vəziristandakı qəbilələr arasındakı problemin həlli hələ üfüqdə belə görünmür. Pakistan ordusunun isə bu problemi həll edə bilməsi heç ehtimal da olunmur. Heç dünyaya hökm edən NATO belə buralara ayaq basmağa cəsarət etmir, hərdən havadan, özü də pilotsuz təyyarələrlə bombalayır, vəssalam!
Buranın, Şimali Vəziristanın dəqiq sərhədi belə müəyyən edilməyib. Heç əhalisinin sayı da dəqiq deyil. Ona görə yox ki, on illərdir buralar savaş meydanına çevrilib. Sadəcə, burada əhalinin siyahıya alınması keçirilmir, daha doğrusu heç vaxt keçirilməyib.
Ora getməyin!
İndi isə Azərbaycan XİN-in bir bəyanatına diqqət yetirməyinizi xahiş edirik. Bəyanatda Azərbaycan vətəndaşlarına ünvanlanıb:
“Cənubi Vəziristan, Svat, Bacaur, Xeybər, Xürrəm və Orakzay inzibati bölgələri, Peşəvər şəhəri və onun cənubunda olan bölgələr, Şimali və Qərbi Belucistan və Qetta (Quetta) şəhərinə olan səfərlər təhlükəli olaraq qalır. Buner və Aşağı Dirə Lovari yolu vasitəsilə səyahətlər də təhlükəli hesab edilir. Şimali Vəziristan bölgəsi Pakistanın qonşu Əfqanıstanla sərhəddə yerləşən bölgələrindən biri olaraq mürəkkəb coğrafi əraziyə, yüksək dağ və sıx meşə zolağına malikdir. Pakistan Silahlı Qüvvələrinin son on səkkiz ay ərzində ölkənin Əfqanıstanla sərhəddə yerləşən inzibati bölgələrdə, o cümlədən Svat, Bacaur, Xeybər, Xürrəm və Orakzayda keçirdiyi geniş miqyaslı əməliyyatlar nəticəsində terrorçu qüvvələr Şimali Vəziristan ərazisində cəmləşiblər. Bu ərazidə girov götürülmə (qaçırılma) riski də mövcuddur...”. Normalda təbii heç kim bu ərazilərə getməz. Ən həvəskar turist belə.
Amma gedirlər. Və təkcə Azərbaycandan yox. Rusiyanın Şimali Qafqaz respublikalarından, Özbəkistandan, Türkmənistandan, Qazaxıstandan. Din qardaşlığı, cihad, kafirlərə qarşı müqəddəs müharibə… Adını nə qoyuruqsa qoyaq, heç kimə sirr deyil ki, bu nəzarətsiz zonada, özünü müstəqil islam əmirliyi , Miranşahı da bu əmirliyin paytaxtı elan etmiş Şimali Vəziristanda bəs deyincə əcnəbi var. Eləcə də Azərbaycandan. Dəqiq sayları bilinmir, amma bizimkilər orda “camaatlıq”-icma da oxuya bilərsiz- belə yarada bilibsə, deməli çoxdurlar. Düzdür, elə keçmiş daxili işlər naziri Vasim Xan demişkən, çeçen və dağıstanlılardan, özbəklərdən xeyli azdırlar, amma Pakistanda olarkən oranın rəsmiləri ilə qeyri-rəsmi söhbətlərdə məlum oldu ki, bu say 150-ni keçib.
Məşhəd-Herat...
Təkcə azərbaycanlılar deyil, elə digərləri də ora öz ailələri ilə gəlirlər. Əlbəttə, İran, daha sonra Əfqanıstandan keçməklə. Burda isə onları qarşılayanlar var. İstər azərbaycanlıların, istərsə də digər əcnəbilərin hərəsinin öz düşərgələri var. Onlar məhz bu düşərgələrdə kompakt yaşayırlar və necə deyərlər, öz camaatlığını yaradıblar.
Marşrutu deyirsiz? Əsas iki marşrutdan istifadə edilir. Bunlardan biri Türkiyə üzərindəndir. Amma Türkiyə yolu bir qədər çətinləşib. O mənada ki, bu ərazidən Əfqanıstan və ya Pakistana tranzit məsələsində ciddi nəzarət var. Türkiyə xüsusi xidmət orqanları bu istiqamətdə çox həssas və diqqətlidir. Ona görə də, əsasən bir qədər uzun müddətli və əziyyətli olsa da İran variantına daha çox üstünlük verilir.
Pakistanda bu məsələlərdən az qala hər kəs xəbərdardı. İslamabadda tədbirlərin birində söhbətləşməyə imkan tapdığımız ictimai fəallardan biri dəqiq marşrutu da cızır; İrana, istər Azərbaycan, istər Türkmənistan, istərsə də hava yolu ilə keçənləri əvvəlcədən razılaşdırılmış bələdçilər qarşılayır. Bu adamlar il öncə Məşhədə gətirilir. “Bir müddət burda saxlanılırlar. Burda onların sənədləri, daha dəqiqi Əfqanıstana viza məsələləri həll edilir. Əslində, viza formal məsələdir. Çünki Əfqanıstan İran sərhədindən sadəcə pasportu göstərib keçmək də mümkündür. Düzdür, ki viza tələb edəcəklər. Amma kasıb Əfqanıstanın cüzi miqdarda əməkhaqqı alan sərhədçisi ilə 20-30 dollara razılaşmaq olar. Hətta bir keçi pay verməklə də viza məsələsini həll etmək gücündədir. Məşhəddən sonra isə həmin adamlar İslam Qala adlı qəsəbəyə gətirilir. İslam Qala Əfqanıstan ərazisində, Herat yolunun üstündədir. Burada, İslam Qalada isə həmin adamlar xüsusi filtrasiyadan keçirilir. Siz elə bilməyin ki, “salam, gəlmişəm, əhli-sünnəyəm, Allah yolunda cihada hazıram” deməklə, anındaca sizə inanacaq, gözləri üstündə yer verəcəklər. Qətiyyən belə deyil. Düzdür, ailəliklə gələnləri o qədər də dəqiqliklə yoxlamırlar. Amma cavan və bir qədər də şübhə doğuranlar əsaslı yoxlamadan keçməmiş qətiyyən oralara aparılmazlar. Təbii, casus söhbətidir”.
Heratda bir müddət qalandan sonra isə hərənin dalınca öz adamları gəlir. Hə, məhz öz adamları. Çeçenin dalınca çeçen, özbəkin dalınca özbək. Buradan sonrakı və sonuncu dayanacaq Şimali Vəziristan olacaq. Onlar “Radio Molla”nın ixtiyarına veriləcək. Bizimkilərə sorumlu isə Rəhim adlı azərbaycanlı olacaq.
Kimdir axı bu “Radio Molla”?
Kimdir bu Rəhim?
Oradan doğrudanmı çıxış yoxdur?
Bəs o azərbaycanlı gəlin?..
Lent.az-ı izləyin...
Səbuhi Məmmədli,
Pakistan