Rusiya Milli Antiterror Komitəsi Sankt-Peterburqda metroda baş verən terror aktı nəticəsində ölən və yaralıların sayı haqqında yeni məlumat açıqlayıb.
APA-nın Rusiya bürosunun məlumatına görə, MAK terror aktı nəticəsində 11 nəfərin öldüyünü, 45 nəfərin isə yaralandığını bildirib.
Qeyd edək ki, bu gün günorta saat 14:40 radələrində Peterburq metropoliteninin "Texnoloji institut" və Sennaya ploşşad" stansiyaları arasında vaqonda partlayış baş verib.
Bundan başqa MAK Peterburq metorpoliteninin "Ploşşad Vostaniya" stansiyasında da əldəqayırma partlayıcı qurğu aşkarlıyıb. Partlayıcı zərərsizləşdirilib.
Rusiya İstintaq Komitəsi məlum hadisəni terror aktı kimi qiymətləndirib. Fakta bağlı terror aktı maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Sankt-Peterburq rəhbərliyi şəhərdə 3 günlük matəm elan edib.
**
17:39
"Peterburq metrosunda baş verənlər terror aktıdır". Lent.az-ın məlumatına görə, bu barədə Rusya Baş Prokurorluğunun rəsmisi Aleksandr Kurennoy bildirib.
***
17:01
Peterburq metropoliteninin bütün stansiyaları bağlandı. Bu barədə Rusiyanın REN TV kanalı rəsmi dairələrə istinadən məlumat yayıb. Bu arada, Peterburq metropolitenin "Ploşad Vostaniya" stansiyasında daha bir partlayıcı qurğu tapılıb.
***
16:47
Bir qədər öncə Moskva Metropoliteni də gücləndirilmiş iş rejiminə keçdiyi barədə məlumat yaydı. O da məlum olub ki, Rusiya prezidenti Putin də partlayış baş verən vaxt Peterburqda, Ümumrusiya Xalq Cəbhəsinin forumunda olub. Putin partlayışla bağlı bildirib ki, səbəblər müxtəlif ola bilər. "Məişət hadisəsindən tutmuş, kriminal, terror aktına qədər...".
**
16:05
Rusiyanın Sankt-Peterburq şəhərində metro stansiyalarından ikisində partlayış baş verib.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, metronun "Texnoloqiçeskiy İnstitut" və "Sennaya ploşad" stansiyalarında baş verən partlayışdan sonra tüstülənmə olub. Bildirilir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 50-dən çox yaralı var.
Rusiya mətbuatı onu da yazır ki, partlayışdan sonra "Çernaya reçka" stansiyası şübhəli predmet tapıldığı üçün bağlanılıb. Hadisə ilə bağlı Rusiya prezidentinə məruzə edilib. Ümumilikdə Peterburq metrosunun 7 stansiyası hadisə ilə əlaqədar bağlanılıb. Zərərçəkənlər arasında uşaqların da olduğu bildirilir.