Meksikanın Duranqo ştatında mütəşəkkil cinayətkar qrupun hücumu nəticəsində iki polis əməkdaşı öldürülüb, daha dörd nəfəri yaralanıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Xose Rosas Aispuronun açıqlamasında deyilir.
“İki nəfəri yaralanmışdı, ancaq çox təəssüf ki, sonradan öldülər, daha dörd nəfər xəsarət alıb, qalan beş nəfərə heç nə olmayıb”, - deyə Aispuro öz açıqlamasında bildirib.
Onun sözlərinə görə, silahlı hücum Meskital bələdiyyəsinə gedən yolda törədilib. Həmin vaxt 11 polis işçisi iki avtomaşında gündəlik patrul xidməti aparırdı. Cinayətkarlar arasında saxlanılanların olmadığı deyilir.
Eyni zamanda, yerli bəzi KİV xəbər verir ki, ölən polislərin sayı 7 nəfərə çatıb. Ancaq bu barədə hələlik rəsmi bir açıqlama verilməyib.