İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst fevralın 12-də bildirib ki, ölkəsi 7 İran vətəndaşının Argentina məhkəməsi tərəfindən sorğulanmasına icazə verməyəcək.
Lent.az-ı- məlumatına görə, onlar 1994-cü ildə Buenos-Ayresdəki Yəhudi mədəniyyət mərkəzinin partladılmasında şübhəli bilinirlər.
Bu günlərdə Argentinanın xarici işlər naziri Ektor Timmerman İslam Respublikasının müdafiə naziri Əhməd Vahidinin dindirilməsi ilə bağlı Tehranın icazə verdiyini söyləmişdi.
Bundan başqa hakim Rodolfo Kanikoba Korralla yanaşı, prokuror Alberto Nismanın da həmin terror aksiyasını araşdırmaq üçün Tehrana səfər etməlidir.
Mehmanpərəst isə qeyd edib ki, bu xəbər gerçəkliyə uyğun deyil.
Xatırladaq ki, Argentina hakimiyyəti İnteropol vasitəsi ilə 8 iranlının, o cümlədən keçmiş prezident Ələkbər Haşimi-Rəfsəncani, keçmiş xarici işlər naziri, ayətullah Xamneyinin müşaviri Ələkbər Vilayəti və müdafiə naziri Əhməd Vahidinin həmin terrorda iştirakı ilə bağlı həbs ediləcəklərinə səy göstərəcəyini bildirmişdi.
Qeyd edək ki,İsrail hakimiyyəti Argentina məhkəməsinin 1994-cü ildə Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzi yaxılığında baş vermiş partlayışla bağlı cinayət işinin araşdırılmasının gedişinə etirazının bildirmişdi.
Yəhudi dövlətinin rəsmiləri Argentina hakimiyyəti ilə İranın bu məsələdə razılığa gəldiklərini iddia edir.
Bir müddət öncə, baş vermiş partlayışı 5 xarici mütəxəssisin araşdıracağı bildirilmişdi. Ehtimal olunur ki, həmin komissiyaya İran və Argentina vətəndaşları daxil edilməyəcək.
İsrail tərəfi araşdırmanın qərəzsiz aparılacağından şübhələndiyini gizlətmir.
Yəhudi dövləti Xarici İşlər Nazirliyi Argentinanın bu ölkədəki səfirinə məsələ ilə bağlı öz etirazını artıq bildirib.
Xatırladaq ki, 1994-cü il iyulun 18-də Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzinin yerləşdiyi 7 mərtəbəli binanın qarşısında avtomobilin partladılması nəticəsində 85 nəfər, 1992-ci ildə isə İsrailin bu şəhərdəki səfirliyinin binası yaxınlığındakı partlayışda 29 nəfər həlak olmuşdu.
Argentinada aparılan araşdırmanın gəldiyi nəticəyə əsasən,bu partlayışlarda bir neçə İran vətəndaşı iştirak edib. Ancaq Tehran hakimiyyəti bu qanlı olaylarla bağlı ünvanına deyilənlərin təkzib etməkdədir.